"17 noyabr xalqımızın böyük şərə qarşı birləşdiyi gündür"

 12:14 17.11.2023     303

17 Noyabr xalqımız və dövlətimiz tərəfindən "Milli Dirçəliş Günü" olaraq bayram edilir. Azərbaycanın müstəqilliyinə doğru gedən yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına toplaşmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Çox keçmədi ki, tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü kimi qeyd olunmağa başladı.

Artıq üç ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.

2023-cü il sentyabrın 19-da 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Milli Dirçəliş günü ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi ki, bu gün əslində böyük bayramdır:

"Bu gün Azərbaycan xalqının, Qarabağda baş vermiş haqsızlığa qarşı birlik nümayiş etdirdiyi bir gündür. Mən o günləri yaxşı xatırlayıram. Xankəndidə separatçıların çaxnaşması, indiki Ermənistan ərazisi adlanan Qərbi Azərbaycandan həmvətənlərimizin qovulması yaxşı yadımdadır. Məhz həmin günlərdə Azərbaycan xalqı ayağa qalxdı, böyük imperiyaya, böyük şərə qarşı çıxdı.  Mənim fikrimcə, o gün xalqımızın böyük şərə qarşı birləşdiyi bir gündür. Bu gün  Azərbaycanın 30 ildən sonra özünün suverenliyinin və ərazi bütövlüyünün bərpa etdiyi bir vaxtda Dirçəliş gününün qeyd edilməsi xüsusilə qürurvericidir. Xalqımıza şərəf gətirən bir hadisədir".

Humay İSGƏNDƏRLİ