"DTX-nın bu məlumatı insanı dəhşətə gətirir" - Ehtiyatda olan polkovnik

 12:43 20.11.2023     497

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının daha bir iştirakçısı olan Beqlaryan Raşid Aramayis, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib.

Beqlaryan 200 nəfəri öldürdüklərini, onları Əsgəran qalası ətrafında basdırdıqlarını etiraf edib.

Daha bir Xocalı qatilinin saxlanılması ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu məlumatı insanı dəhşətə gətirir.

"Xocalı faciəsinin iştirakçısı Beqlaryan soyadlı caninin danışıqları adamı sarsıdır. Nə qədər vəhşi olasan ki, belə bir cinayət törədəsən və günahsız insanları, o cümlədən qocaları, uşaqları, xəstələri vəhşicəsinə öldürəsən və öldürülmüş insanların şəxsi əşyalarını qarət edəsən, sonra da həmin əşyaları özün istifadə edəsən və ya kiməsə satasan. Bu bir cinayətdir, böyük vəhşilikdir. Ümumiyyətlə, bu faciədə iştirak edənlərin hamısı bir-bir axtarılmalı və tapılmalıdır. Bu dəhşətli bir cinayətdir və cinayətdə iştirak edənlərin heç biri məsuliyyətdən kənarda qala bilməz. Ona görə də bu gün Dövlət Təhlükəsizlik Xidmətinin və digər hüquq mühafizə orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirirəm. Bildiyimiz kimi Xocalı qətliamı dünyada baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu faciəni unutmaq olmaz, hər bir azərbaycanlı bu faciəni yaddaşından silməməlidir. Qarabağda, indiki Ermənistan adlanan Qərbi Azərbaycanda qaniçən ermənilər tərəfindən yüzlərlə belə vəhşiliklər törədilib, insanlığa sığmayan qırğınlar törədilib. Bu dəhşətli qırğınlar araşdırılmalı, sistemli şəkildə öyrənilməlidir".

Polkovnik əlavə etdi ki, dünya, eləcə də bu gün Ermənistanı müdafiə edən, onları silahlandıran, müharibəyə sövq edən Fransa, Belçika, Amerika  və s. dövlətlər bu qəddarlıqları görsünlər:

"Insan hüquqlarının müdafiəçiləri kimi özlərini qələmə verənlər bunları görsünlər, utansınlar, xəcalət çəksinlər, erməni faşizminin bu cinayətlərini görsünlər. Qaldı ki, Əsgəran ətrafında, həmvətənlərimizin basdırıldığı yerə, fikrimcə, böyük bir xatirə abidəsi ucaldılmalıdır. Qoy bu, daim yaddaşlarda qalsın və bizim gələcək nəsillər də ermənilərin törətdikləri bu qırğınları tarixi yaddaşlarda saxlasınlar".

Humay İSGƏNDƏRLİ