"Tanımadığım Laçını addım-addım, qarış-qarış gəzirəm" - Laçına ilk köçən sakin
Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizə "Böyük Qayıdışı" çərçivəsində mərhələləli şəkildə köç baş tutur. Bu ərazilərdən biri də Laçın şəhəridir. Laçın şəhərinə köç bu ilin may ayında başlanılıb.
Laçına köçən ilk sakin Emil Nəcəfli Laçın təəsüratlarını Redaktor.az-la bölüşüb.
Emil deyir ki, Laçında qalmaq, yaşamaq və işləmək böyük bir xoşbəxtlikdir:
"İlk sakin olaraq mayın 28-də ailəmlə Laçına köç etmişik. Yəni sakinlərimiz inciməsin, ilk gələnlər daha yaddaqalan olur. Laçına ayaq basanda atamın, anamın və böyüklərimizin bizə danışdığından da artıq bir Laçın gördüm. Bakıda 31 il qaldım. Amma bu müddət ərzində Bakıda qonaq qismində qalmışam. Laçına, öz yurduma, ata-baba torpağıma gəlmişəm. Burda qalmaq, yaşamaq və çalışmaq mənim üçün şərəfdir. Mənim üçün şərəfdir ki, tanımadığım laçınlıları tanıyıram, tanımadığım Laçını addım-addım, qarış-qarış gəzirəm. Laçın qısa bir müddətdə tikilmiş, ancaq böyük səs-küyə səbəb olan şəhər oldu. Bizə bu günü yaşadanlara - şəhidlərimizə öncə Allahdan rəhmət diləyirəm. Qazilərimizə cansağlığı, döyüşdə iştirak edən veteranlarımızı Allah qorusun. Ali Baş Komandana, cənab Prezidentimiz İlham Əlliyevə öz minnətdarlığımızı bildiririk ki, bu günü bizə yaşatdı, biz də doğma yurdumuzda-yuvamızda işləyirik və əlimizdən gələn qədər Laçını inkişafa doğru aparmağa çalışırıq. Dünyanın ən böyük xoşbəxtliyi burdadır, öz yaşıdlarımı da Laçına gəlməyə səsləyirəm".
Humay İSGƏNDƏRLİ