"Bunlar hamısı cəfəngiyyatdır" - Laçınla bağlı iddialara aydınlıq GƏTİRİLDİ - FOTOLAR

 11:36 25.11.2023     1550

Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü Laçın şəhərində səfərdə olub və burada görülən abadlıq-quruculuq işləri ilə maraqlanıb, şəhərə köçən əhali ilə görüşüb. PJB üzvləri öncə "Laçın Abadlıq Xidməti" ASC-nin direktor müavini Elnur Abdullayevlə həmsöhbət olub.

Qeyd edək ki, Elnur Abdullayev 1976-cı ilə Laçın şəhərində anadan olub. 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğalı zamanı ailəsi ilə birgə doğma yurdundan məcburi köçkün düşüb. O, ixtisasca memardır və hazırda doğma şəhərinin gözəlliyi çalışmaqdadır.

Redaktor.az Elnur Abdullayevlə müsahibəni təqdim edir:

- Laçına nə qədər insan köçüb?

- Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında başlayıb. İlk ayda "Bakı Abadlıq Xidməti" tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanıb. 8 aya kimi qısa müddətdə şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, çox operativ işlər gedib. 28 may tarixində Prezident Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını verdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərinə 346 ailə, 1326 nəfər köçüb. Zabux kəndinə bu gün növbəti köç baş verib və 121 ailə, 475 nəfər gəlib.Toplam 467 ailə, 1801 nəfər Laçına qayıdıb.

- İndiyə kimi Laçın şəhərində hansı işlər görülüb?

- İşğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri təhvil verildikdən sonra dövlətin müəyyən qurumları tərəfindən invertarlaşma işləri aparıldı. Bu zaman təxminən 500-ə yaxın fərdi yaşayış evi və inzibati bina sağlam idi. Biz işə ilkin olaraq bunlardan başladıq. Sözügedən evlərin kimə aid olması ilə bağlı araşdırma aparıb, siyahı hazırladıq. Minadan təmizləmə işləri tam başa çatmadığına görə qismən yararlı evlərlə bağlı da işlərə başladıq. Laçın şəhərində ümumilikdə 333 min metrə qədər kommunikasiya işləri aparılıb. Biz relyeflə əlaqədar olaraq, ciddi çətinliklər yaşadıq. Biz magistiral yolları daha geniş nəzərdə tutmuşduq. Lakin qayalıq, sərt relyef, həm də bəzi yerlərdə evlərə toxunmamaq üçün yolların genişləndirilməsi prosesini apara bilmədik. Şəhərin ara küçələrindəki bütün yolları bərpa etməyə başladıq ki, gələcəkdə sıxlıq yaşanmasın. Laçın kiçik ərazi olmasına baxmayaraq, artıq 60 kilometrə yaxın şəhərdaxili yollar çəkilib. Yeraltı magistiral xətlərinin hamısı çəkilib. Elektrik, qaz, su ilə bağlı heç bir problem yoxdur. Şəhər içməli suyla tamamilə təmin olunub. Şəhər ərazisində 9 su anbarı, 3 yağış sularının toplanma deposu, bir ədəd çirkab sularının təmizləmə qurğusu fəaliyyət göstərir. Laçın şəhərinə Xırmanlar ərazisindən, dəniz səviyyəsindən 1800 metr hündürlükdən alternativ su kəməri çəkmişik. Kəmər suyu təbii, bulaq sularından çəkilib. Kəmərin uzunluğu 8900 metrdir. Kəmərin çəkilişində 20 min kub metrdən çox torpaq işləri görülüb. Kəmərin çəkilişini qısa müddətdə başa çatdırdıq. Açılış mərasimi Ulu Öndərin 100 illiyinə - may ayının 10-na təsadüf etdi. Başqa bir məqsəd bu dağda olan ərazinin daim yaşıl saxlanmasıdır. Bütün kommunikasiyalar tamamən bitib. Noyabrın 7-si Laçın şəhəri və Zabux kəndinə mavi qazın verilməsi təmin edilib. İlkin olaraq 150 evdə qaz birləşmələri işləri aparılıb. Evlərin birləşməsi prosesi artıq 300-ü keçib. Bu da mərhələli şəkildə köçlə bağlıdır. Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış yeridir. 9 ümumi yaşayış massivi 144 mənzildən ibarətdir. Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur. Digər yandan Laçın şəhərinin özünün klassik xalq memarlıq üslubu var. Tikinti işləri qaya daşları ilə aparılıb. Biz "Laçın olduğu kimi bərpa olunsun", deyə göstəriş almışıq. Buna görə də, maksimal olaraq xalq memarlıq üslubunu qoruyub saxlamağa çalışdıq. Buna da nail olduq. Laçın amfiteatr kimi olduğundan biz klassik xalq memarlıq üslubu ilə yanaşı, Şərq-Qərb memarlıq üslubunu da təyin etdik. Bu, təkrarçılığın olmaması, fərqlilik üçün vacib idi. Tikinti işlərində standartlara uyğun materiallardan istifadə olundu. Müəyyən tarixi gözəllikləri olan obyektləri biz qoruyub-saxlamağa xüsusi diqqət göstərdik. Laçın şəhəri salınanda tikilən ilk obyektlərin hətta balaca bir hasarı qalmışdısa, onu dolğu ilə bərkitdik. Bayraq meydanına getdikdə, bunun şahidi olacaqsınız.

- Bayraq meydanı nəylə seçiləcək?

- Bayraq meydanı tamamilə fərqli düşünülüb. Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu ərazidə açıq havada işğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir. Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat vasitələrinin hərəkəti qadağan olunur. Belə demək mümükündürsə, bura Bakının “Tarqovı”sı kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət Mərkəzi yerləşirdi. İşğal dövründə ermənilər onu dağıdıb. İndi onun yerində yeni konsert mərkəzi tikilib. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının yerləşdiyi küçənin yeni adı ümumilli lider Heydər Əliyevin adını daşıyacaq.

- Konsert Mərkəzi, kinoteatr barədə ətraflı məlumat verərdiniz.

- Konsert Mərkəzi 370 yerdən ibarətdir. Bu yerlərin 360-sı normal, 4-ü fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Teatr Mərkəzi açıq, qapalı, eləcə də aktyorluq mərkəzi olmaqla fəaliyyət göstərəcək. 1974-cü ildə Laçın şəhərində kinoteatr mərkəzi vardı. Ermənilər işğal dövründə onu dağıtmış, bir hissəsində kiçik təsərrüfat yaramışdılar. O binaya baxış keçirəndə onun tam yararsız olduğunu gördük. Lakin Laçın sakinlərinin nostalji hisslər yaşaya bilməsi üçün oranı bərpa etməyi qərara aldıq. Mən deyərdim ki, kinoteatr Laçında olan tikililərin şah əsəridir. 230 yerdən ibarət olan kinoteatr ən son texnologiyalarla təchiz olunub. Bayraq Günü həmin teatrın açılışı oldu. Knoteatr, Konsert Mərkəzi, Gənclər Mərkəzi olan küçə mədəniyyət küçəsi olacaq. Qədimliyi də qorumaq üçün Laçında yenilik olaraq 530 metrlik məsafədə tramvay xətti çəkmişik. Artıq müasir tramvay da sifariş verilib.

- Laçında internetlə bağlı problem varmı?

- Laçında artıq bir neçə internet proveyderi fəaliyyət göstərir. İnternetlə, eləcə də rabitə ilə bağlı heç bir problem yoxdur.

- Əhalinin məşğulluğu ilə bağlı hansı işlər görülür?

- Əhalinin məşğulluq məsələsi prioritetdir. Əhalinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq, quruculuq işi başlayarkən ilk buna diqqət göstərmişik. Yanvar ayından başlayaraq Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın şəhərinin 8 kilometr yaxınlığında Zeyirdi kəndi ərazisində olan 52 hektar ərazidə Aqro və Sənaye Parkı inşa etdik. Aqro və sənaye parkında 46 müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46 müəssisə üzrə 1169 vakansiya mövcuddur. Biz artıq 430 nəfər Laçın sakinini işə götürmüşük. 7 müəssisə öz fəaliyyətinə başlayıb. Digər müəssisələr də öz fəaliyyəltərinə yaxın vaxtlarda başlayacaq. Toplam istehsal sahəsi 4800 kvadrat metr olan “Aydınoğlu” mebel fabriki,artıq qurulub. Mebel fabrikinin bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standarlara cavab verir. Burada 54 nəfər şəxs işləyir. Onlardan ikisi Laçın şəhər sakinidir. Bununla yanaşı ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar var. İstixanalarda nadir bitkilər yetişdirilir. Fəaliyyət göstərən istixana komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var. Laçın brendi yaradacağıq. Hələ ki istixanalarda olan məhsullar Laçın sakinləri üçün nəzərdə tutulur. Lakin məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər məhsulların istehsalına başlamışıq və qablaşdırmaya olduqca böyük əhəmiyyət vermişik. Belə deyim ki, məhsulun qiyməti qabından ucuzdur. Çünki biz gələcəkdə dünyaya çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır. İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr vardı ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar. Amma həmin adam Laçına köçəcək və burada müəyyən sahədə çalışıb, pul qazanmalıdır. Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşürük və kim hansı sahəni istəyirsə, ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü kurslar açmışıq. Burada peşəyönümlü təhsil almaq mümkündür. Laçında investisya üçün qapılar açıqdır. Belə bir addım atılıb. Qapalı və açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata bilir. Buraya ətraf ərazilərdən mallarnı satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yeri də var.

- "Laçında bahalıqdı", "qalma xərcləri artırılıb", "sadə çay verilmir" kimi iddialar var. Bu barədə nə deyə bilərsiniz?

- Bunlar hamısı cəfəngiyyatdır. İstənilən halda hər bir insanın öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn, bəzi insanlar bir manatlıq çay içə bilərlər. Lakin insan da var ki 20-30 manatlıq çay seti götürə bilər. Bunlar fərqli yanaşmalardı. Nəzərə almaq lazımdır ki, bura Bakının mərkəzi deyil. Bazalar başqa yerlərdən gəldiyi üçün daşıma xərcləri də var. Bunu da nəzərə almaq lazımdır. Ona görə də biz yerli istehsala önəm veririk. Artıq Laçında modul tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir. Məktəblərin servis avtobusları var. Avtobus ödənişsiz uşaqları evlərindən məktəbə, məktəbdən evlərinə aparır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bir yerdə elektron xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqro və Sənaye Parkına, Darıkaha kəndindən şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub.

- Qəbristanlıqların dağıdıldığı ilə bağlı iddialar gündəmə gəlmişdi. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Biri Darıkahada olmaqla ümumilikdə Laçın şəhərində 4 qəbristanlıq var. Məsələn, ən qədim qəbristanlıqlardan biri Abdallar deyilən ərazidədir. Ancaq bu gün orada 5-6 məzar ya var, ya yox. Orada vəziyyət elədir ki, hətta insan sümüklərini görmək mükündür. Digər məzarlıqları yabani bitkilər örtmüşdü. Burada abadlıq işlərinin aparılması konseptimizdə olmasa da, humanist addım atıldı. İnsanların rahat qəbirləri ziyarət etməsini nəzərə alaraq yaşıllaşdırma qrupumuz ərazidə təmizləmə işləri apardı. ANAMA bu işdə bizə kömək etdi. Biz bu zaman dəhşətli faktlarla üzləşdik. Mərmər tipli qəbir daşları tamamilə istifadə üçün aparılmışdı, digər qəbirlər dağıdılıb. İnsanların gəlib dağıdılmış qəbirləri görməsinin yaxşı hal olmadığını nəzərə alaraq, qəbir daşlarının yenilənməsi istiqamətində qərar aldıq. Şəhər qəbristanlığında 264 məzar müəyyənləşdirə bildik. 300 standart qəbir daşları sifariş etdik. Onların böyük qismi quraşdırılıb. Quruculuq-abadlıq işləri getdiyi, vətəndaşların portalla gəldikləri üçün sakinlərin iştirakı olmadı. Müəyyən qalıqları məzarların yanında saxladıq ki, insanlar gələndə tanıya bilsinlər. Qəbir daşlarının şəkil və ad yerlərini boş saxladıq.

- Ermənilər bir daha Laçına hücum etməyə cəsarət edə bilərmi?

- Bizim güclü ordumuz var. Sərhədlərimiz möhkəmləndirilib. Bizim qarşı tərəfdən heç bir gözləntimiz və qorxumuz yoxdur. Siyasi baxımdan heç biz qarşı tərəfə düşmən kimi də baxmırıq.

- Laçını hansı istiqamətdə genişləndirmək nəzərdə tutulub? Yaşayış binaları neçə mərtəbəli olacaq?

- Şəhərin baş planı üzrə hərəkət olunur. Bölünmüş ərazilər var. Təbii ki, bir sıra hündürmərtəbəli binalar da şəhərdə olacaq. Laçın şəhəri 3838 ailə - 13 122 nəfərdən ibarətdir. Biz qayıdacaq insanların sayını daha yüksək götürməyıə çalışırıq. Şəhər 18 min əhaliyə hesablanıb. 2040-ci ilə qədər bu olacaq. Qayıdış zamanı 13 min, 14 min ola bilər. Çünki işğaldan əvvəl Laçın qeydiyyatı olub, lakin daha sonra başqa rayonda qeydiyyata keçən şəxslər var.

- Siz şəhərin tarixi memarlıq üslubunu qoruyub saxladığınızı dediniz. Lakin sosial şəbəkələrdə gördüyünüz işlərlə bağlı tamam fərqli və yanlış fikirlər səsləndirilir. Bu nədən qaynaqlanır?

- Görülən işlərdə əlbəttə ki, qüsurlar olur. Əsrlərlə qurulan şəhəri bir ilə bərpa etmək olmaz. Biz oktyabr ayında işə başlamışıq. İlk vaxtlarda burada işıq, qaz, su olmayıb. Biz bu ofisdə metlaxın üstündə yatırdıq. Bura işğaldan yeni azad olunduğu üçün normal ustaları tapıb gətirmək çox çətin idi. Laçınlıların öz evləri ilə bağlı xatirələri var. Ən yüksək standartlı, müasir evləri tikib həmin şəxslərə təqdim etsən, onlar yenə də köhnə pəncərələrini axtaracaq. Bu gün evlərlə bağlı tələblər bitməz. Edilən müraciətləri də nəzərə alırıq. "Haranı gördüm ev tikim" söhbəti olmayıb. FHN əməkdaşları tikintiyə, bərpaya yararlıdır rəyi verdikdən sonra işə başlamışıq. Sosial şəbəkələrdə bəzi klaviyatura qəhrəmanları var ki, gündəmdə qalmaq üçün belə narazılıqlar olduğunu irəli sürürlər.

- Bəs, sizin laçınlı kimi öz yurddaşalrınıza mesajınız nədir?

- Laçınlılar işğalla əlaqədar olaraq Azərbaycanın 59 digər rayonlarına köçüblər. Orada müxtəlif qohumluq əlaqələri qurublar. Laçınlı ailələrin övladları yeni bir mühitdə böyüyüblər. İstər-istəməz həmin ərazidə yaşayan toplumun mentalitetini götürüblər. Yəni Laçına 59 yeni mentalitet gələcək. Bu, inkişaf deməkdir. Biz laçınlılar olaraq ən böyük qayıdış mədəniyyəti nümayiş etdirməliyik. İnsanların istəyinin bitməməsi normaldır.

- Köç edənlərdən geri qayıdanlar oldu?

- Tamamilə geri qayıdan olmayıb. İşi ilə əlaqədar geriyə qayıdan insanlar var. Lakin onların ailələri Laçında qalır. Bir neçə günlük işlə əlaqədar gedib, yenidən ailələrinin yanına qayıdırlar. Dənizdə, neft-qaz sənayesində, dövlət müəssisələrində işləyənlər var. Bütün dövlət qurumlarının hələ hamısının Laçında filialları yoxdur. Məsələn, adam var ki, SOCAR-da işləyir və pensiyaya çıxmasına 7 ay var. Bu adam 7 aydan ötrü pensiyadan məhrum olmaq istəmir. Lakin tamimlə geri qayıdanlar olmur.

- Zəruri ərzaq məhsullarının, dərmanların gətirilməsində problem yoxdur ki?

- Artıq Laçında marketlər var. Kənd təsərrüfatlarının satış məntəqələri var. Buraya hər şey gəlir.

- Buraya köçən ailələrin övladları dərhal dərsə başlaya bilirmi?

- Əlbəttə. Elm və Təhsil  Nazirliyi bu məsələni diqqətdə saxlayır. Məsələ elektron səviyyədə olur. İnsanların övladlarının təhsil almasında problem yoxdur.

- Qayıdan adamları qarşılayırsınız. May ayından başlayan bu prosesdə sizin yadınızdan çıxmayacaq hansısa əhvalatı danışa bilərsiniz?

- Mənim atam usta olub. Mən Laçına ilk gələndə evlərin abadlıq işlərinə yanaşanda atamın əl işlərini görürdüm. Bu, çox böyük psixoloji sarsıntıdır. Bir sakinimiz vardı, ona açar təqdim ediləndən sonra oradan evinə qədər dayanmadan ağlaya-ağlaya getdi. O evə girəndə görünüş onu maraqlandırmadı. Həyətində-bağçasında hər hansı bir ağacı axtarıb tapmağa çalışdı. Çünki onunla xatirəsi vardı.

- Sizin öz eviniz durur?

- Ata evim durur. İlk şəhərə gələndə məktəbimizə getdim. Onun sadəcə divarları qalmışdı. Evimizin yolunda gözlədim. Orada məni nə gözlədiyini bildiyim üçün getmək istədim. Səhər getdim ora.

- Laçının dünyanın hansısa şəhəri ilə qardaşlaşması, bunun fövqündə dünyaya çıxması üçün hansısa proqramlar varmı?

- Laçın işğaldan azad olunmuş olsa da, o, İsveçin hansısa şəhəri kimi görsənir. Bu istiqamətdə işlər gedir.

Aqil ASLAN

22222222222222222222222