“Laçın sürətli inkişafı ilə bütün dünyanı heyrətləndirməkdədir”

 12:07 01.12.2023     271

“Laçının hərbi əməliyyatlarsız erməni işğalından azad edilməsi Azərbaycan dövlətinin, onun diplomatiyasının və bilavasitə İlham Əliyevin tarixi uğurudur”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Ekspert qeyd edib ki, 3 il bundan öncə Laçının bir güllə belə atmadan azad edilməsi yüzlərlə hərbçimizin həyatını xilas edib:

“10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatına uyğun olaraq Laçının erməni işğalından azad edilməsi böyük diplomatik qələbə olmaqla yanaşı, yüzlərlə hərbçimizin həyatını xilas etdi.

Bildiyiniz kimi, Laçın mürəkkəb relyevə malikdir ki, bu da onun hərbi əməliyyatlar yolu ilə azad edilməsini ikiqat çətin edir. Şübhəsiz, əgər 10 noyabr razılaşması olmasaydı belə, Azərbaycan Ordusu dağlıq və yüksək dağlıq relyefdə yerləşən bir çox yaşayış məntəqəsi kimi, Laçını da hərbi əməliyyatlar yolu ilə azad edəcəkdi. Lakin buna itkilərsiz nail olmaq mümkün olmayacaqdı. Ali Baş Komandan Laçını siyasi-diplomatik yolla azad etməklə bizi bu itkilərdən sığortalamış oldu. Prezident İlham Əliyev Laçının döyüşsüz azad edilməsinə nail olmaqla göstərdi ki, Azərbaycan hərbi müstəvidəki uğurlarını diplomatik müstəvidə də davam etdirir və bütün platformalarda şəriksiz söz sahibidir”.

Hazırda Laçında geniş quruculuq işlərinin həyata keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, bu istiqamətdə görülən işlərin bütün dünyada böyük maraqla izlən diyini vurğulayıb:

“İşğaldan azad ediləndən dərhal sonra Laçının minalardan, müxtəlif döyüş sursatlarından təmizlənməsi prosesinə start verildi. Bu prosesə paralel olaraq erməni işğalı dönəmində dağıdılan, viran edilən Laçının yenidən inşasına başladıldı. Qısa zaman ərzində Laçın şəhəri, habelə Laçının bir neçə kəndində fundamental quruculuq işləri həyata keçirildi ki, artıq bu işlər öz məntiiq nəticəsini verməkdədir. Bu gün Laçın Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz müasir tikililəri, infrastrukturu, park və kommunikasiyaları ilə Avropanın qabaqcıl şəhərləri səviyyəsinə yüksəlməkdə, Qərb ölkələrinə belə nümunə olmaqdadır. Təbiətin qoynunda yerləşən Laçında ekoloji təmiz enerji mənbələrindən istifadə edilməsi, quruculuq işlərinin təbiətlə harmoniya şəklində təşkili bu dilbər diyarımızın daha da çiçəklənməsi, tərəqqi etməsi, öz ilkin gözəlliyini qorumasını təmin etməkdədir.

Dövlət başçısı son üç il ərzində dəfələrlə Laçına səfərlər etmiş, bölgədə həyata keçirilən quruculuq prosesinə bilavasitə rəhbərlik etmiş, bu prosesi diqqət mərkəzində saxlamışdır. Məhz dövlət başçısının səyi nəticəsində bu gün Laçında bir sıra müəssisələr fəaliyyət göstərir ki, bu da Laçına qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun yüksək səviyyədə həlli baxımından mühüm əhəmiyyətə malikdir.

Laçının simasının sürətlə dəyiuşməsi bütün dünyada böyük maraqla izlənməkdədir. Prezident İlham Əliyev həyata keçirdiyi quruculuq siyasəti ilə bu torpaqların əsl sahibinin kim olduğunu bir daha isbat etdi. Azərbaycan Prezidenti əməli sürətdə sübut etdi ki, bu torpağın əsl sahibi azərbaycanlılardır və onlar əbədiyyətə qədər bu torpağın gerçək sahibləri olaraq qalacaqlar”.

Humay İSGƏNDƏRLİ