"Cərimə insanlara doğru danışmağa kömək etmir, dillə istifadəçi arasında uçurumu genişləndirir"

 16:29 05.12.2023     677

Azərbaycan televiziyalarında və radiolarında tez-tez aparıcıların əcnəbi sözlərdən istifadə etdiyinin şahidi oluruq. Bütün bunlar isə Azərbaycan dilinin normalarının pozulmasıdır. 

Bəs, dövlət dilinin işlənmə norma və qaydalarını pozan aparıcılar cərimələnə bilərlərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli bildirdi ki, televiziya və radio verilişlərində, qəzetdə, saytlarda, adi danışıqda alınma sözlərin işlədilməsində heç bir qəbahət yoxdur.

Onun sözlərinə görə, sadəcə olaraq o sözlər kontekstdə olmalıdır, yerli sözə münasibətdə mənanı daha dolğun ifadə etməlidir və ümumi fikrin çatdırılmasına xidmət etməlidir:

"Alınma sözlərdən bütün dillər istifadə edir. Bugünkü texnologiyada əslində həmin o texnoloji prosesi ifadə edən çoxlu terminlər yayılır. İngiliscə, almanca bu terminlər işlənir. Aparıcıların da şifahi danışıqda, yazıda belə sözləri işlətməsi təbiidir. O ki qaldı bu sözləri işlətdiklərinə görə cərimələrin tətbiq olunmasına, ümumiyyətlə son vaxtlar, xüsusən bizim bəzi qurumlarda, dilçi mütəxəssislərdə belə ifadələr tez-tez işlənir ki, cərimələr tətbiq olunsun və sair. Mən bunu tamamilə yanlış yanaşma hesab edirəm. Əvvəla ona görə ki, cərimələrin tətbiq olunması üçün gərək əvvəlcə dildəki bütün qaydalar, dildəki bütün mübahisəli məsələlər həll olunmuş olsun. İkincisi, cərimə insanlara doğru danışmağa kömək etmir, sadəcə olaraq o dillə istifadəçi arasında uçurumu genişləndirir.

Ona görə də bu fikrin ümumiyyətlə ortaya çıxmasına doğru-dürüst baxmıram və cərimələrin də tətbiq olunmasının əleyhinəyəm. Cəriməylə, inzibati yanaşmayla, məcburiyyətlə, dilə sevgi yaratmaq olmaz. Təbliğat olmalıdır. İnsanlar başa düşməlidirlər ki, danışdıqları dil onların mənsub olduğu millətin, xalqın varlığının ifadə formasıdır. Dil bizim düşüncəmizin ifadəçisidir. Ona görə dilə sevgi ilə yanaşmaq, maariflənmək, oxumaq lazımdır. Dil qaydalarını öyrənmək lazımdır və əlbəttə ki, yaxşı, gözəl, ədəbi normalara uyğun şəkildə danışmaq lazımdır".

Həmidə İBRAHİMLİ