"Ölkə başçımız qərar çıxardardı ki, Azərbaycanda hər kəs Azərbaycan dilində danışsın" - Rəşad Səfərov

 17:17 06.12.2023     795

"Biz niyə başqa dildə danışaq? “Tarqovu”ya gedin Azərbaycan dilində danışan görməyəcəksiniz, hamısı rus dilində danışır. Azərbaycan dilində danışanlara bir az “çuşka” kimi baxırlar. Bunu boynumuza alaq. Həmin o insanlara üzümü tutub deyirəm ki, gəlin öz dilimizdə danışaq".

Bu sözləri Redaktor.az-a ölkədə əcnəbi dillərə maraqdan danışarkən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov bildirdi.

Onun sözlərinə görə, gözəl dilimiz və danışıq tərzimiz var:

"Mən “Bir qadın" serialına çəkilirəm. Çəkiliş zamanı “prosto” sözünü işlətdim. Bizim rejissorumuz Şahin Qəhrəman həmin dəqiqə çəkilişi saxladı və dedi ki, “Rəşad, “prosto” yox, "sadəcə”. Biz 70 illik Rusiya hakimiyyəti dönəmindən gəlmiş insanlarıq. Çox zaman onların dilində danışmışıq. Bu da qınanası hal deyil. Bizim dilimiz öyrəşib. Mən bu mövzunu bir kənara qoyuram, təbiilikdən danışmağa çalışıram. Bəzi filmlərə baxırsan ki, təbii danışığı “gələcəyəm, gedəcəyəm”, “çıxarkən qapını örtün”, “çay istəyirəm”ə çeviriblər. Onları da dəyişsək, daha yaxşı olar. Həyatda danışdığımız kimi, məsələn, “daha” yox, “də”. Biz uşağa “bəsdir daha” demirik, “bəsdir də” deyirik. İstəyirəm ki, danışıq tərzimiz öz dilimizdə olsun".

Aktyorun sözlərinə görə, Azərbaycanda hər kəs öz dilində danışmalıdır:

"Çox istərdim ki, ölkə başçımız belə bir qərar çıxardardı ki, Azərbaycanda hər kəs Azərbaycan dilində danışsın. Çünki gözəl dilimiz var, gözəl insanlarımız var. Çox qonaqpərvər insanlarıq. Niyə biz rusların dilindən istifadə edək? Nəinki seriallarımızda, filmlərimizdə, elə məişətdə də öz dilimizdən istifadə etsək, daha yaxşı olar".

Həmidə İBRAHİMLİ