"Prezident Forumda Qərbin bəzi dairələrinin Azərbaycana olan qərəzli münasibətini ifşa etdi"
“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından olduqca önəmli bir tədbir oldu və yəqin ki, yaxın gələcəkdə biz bu Forumun müsbət nəticələrinə şahid olacağıq”.
Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Hərbi-siyasi ekspert qeyd edib ki, Prezident İlham Əliyev çıxışında konkret faktlar və arqumentlərlə Qərbin bəzi dairələrinin Azərbaycana olan qərəzli münasibətini ifşa edib, ölkəmizin haqq işi uğrunda mübarizə apardığını vurğulayıb: “Forumun ən mühüm faydalarından biri Cənubi Qafqazda mövcud vəziyyəti gərginləşdirməyə çalışan, Ermənistanı silahlandırmağa səy göstərən bəzi dövlətlərin məkrli siyasətinin ifşası oldu.
Dövlətimizin başçısı dəmir məntiqi və təkzibolunmaz faktlarla Ermənistanı silahlandıran Fransa, Hindistan kimi dövlətlərin necə təhlükəli və qərəzli siyasət yürütdüyünü ortaya qoydu. Bu dövlətlərin Ermənistanı silahlandırmaq siyasətinin nə qədər yanlış olduğunu qeyd etməklə yanaşı, bu siyasətin necə böyük, təhlükəli nəticələrə gətirib çıxardığını da aydın və qəti tərzdə izah etdi. Prezidentimiz, habelə bir daha bəyan etdi ki, Azərbaycana təzyiq göstərmək, onu yolundan döndərmək cəhdləri heç bir nəticə verməyəcək və dövlətimiz bundan sonra da öz azad, müstəqil siyasətini əzmlə davam etdirəcək”.
Polkovnik söyləyib ki, Prezident İlham Əliyev Forumda Ermənistan rəhbərliyinə də aydın mesajlar verdi, İrəvanın yürütdüyü siyasətin nə qədər yanlış və zərərli olduğunu izah etdi. Onun sözlərinə görə, bu siyasət regionda sülh və təhlükəsizlik üçün təhdid olmaqla yanaşı, Ermənistanın özü üçün də müsbət nəticə vəd etmir.
“Prezidentimiz bildirdi ki, Ermənistan milli maraqlarını “böyük qardaş”ı dəyişməklə təmin etməyə çalışır ki, bu da yanlışdır. Yalnız sülh və qarşılıqlı anlaşma, səmimi əməkdaşlıq bütün region dövlətləri kimi Ermənistanın da marağını təmin edə bilər. Nə qədər ki, bu yoxdur, nə qədər ki, Ermənistan revanşist niyyətlərdən əl çəkmir, nə qədər ki, kənar gücləri Cənubi Qafqaza dəvət etməklə mövcud status-kvonu dəyişməyə çalışır, İrəvan arzusunda olduğu rifaha nail ola bilməyəcək”, - deyə Cəlil Xəlilov vurğulayıb.