İnsanlar regionlardan Bakıya axışır - Ekspertlər çıxış yollarını AÇIQLADI

 17:53 08.12.2023     1275

Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlılığını təmin edən amillərdən biridir. Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018, 2019-2023-cü illər üzrə dövlət proqramları həyata keçirilib. 

Bununla bərabər bölgələrimizdə problemlər hələ də qalmaqdadır. Odur ki, region insanları iş tapmaq üçün paytaxta üz tuturlar.

Redaktor.az regionların sosial-iqtisadi inkişafı ilə bağlı vəziyyəti dəyərləndirmək üçün eksperlərə müraciət etdi.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü deputat Aydın Hüseynov dedi ki, müasir islahatlar və şəffaf iqtisadiyyat quruculuğu ölkəmizin inkişafına öz töhfəsini verməkdədir:

“Öz ərazilərini işğaldan azad edən və legitim dövlət suverenliyini bütün ərazilərində tamamilə təmin edən Azərbaycan hazırda postmüharibə çağırışlarına əsaslanan yeni milli inkişaf strategiyası ilə irəliləməkdədir. Böyük Qayıdışa dair Dövlət Proqramının və ölkəmizin orta və uzunmüddətli inkişaf hədəflərini özündə əks etdirən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin icrası müasir islahatların və şəffaf iqtisadiyyat quruculuğunun güclənməsinə öz töhfəsini verməkdədir. Aparılan çox ciddi iqtisadi islahatlar sayəsində son 20 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfədən çox böyüyüb. Ümumi daxili məhsul (ÜDM) 14,8 dəfə artaraq 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlirləri 25,2 dəfə artaraq 1,2 milyard manatdan 35,8 milyard manata yüksəlib. Dövlət büdcəsinin xərcləri 27 dəfə artırılaraq 1,3 milyard manatdan 36,6 milyard manata çatıb. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 67 mlrd. dollara çataraq birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb. 2003-2023-cü illərdə 2,5 milyon iş yeri yaradılıb”.

Sosial sahədə əldə olunan nailiyyətlərdən danışan A.Hüseynovun sözlərinə görə, hazırda yeni inkişaf mərhələsinə daxil olan ölkəmizin qarşısında bir sıra həlli vacib məsələlər durur.

"Yeni regional reallıqlar şəraitində ölkəmizin tamamilə yeni inkişaf vizyonu formalaşır. Xüsusilə də işğaldan azad edilmiş ərazilər ölkə iqtisadiyatına reinteqrasiyası, dördüncü sənaye inqilabı kimi perspektivlər dayanıqlı inkişaf gündəliyini zənginləşdirir. Azərbaycan dövləti yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirməyə nail olacaqdır".

İqtisadçı ekspert Eldəniz Əmirov dedi ki, regionlarımızın iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı uğurla icra olunsa da, həllini gözləyən problemlər mövcuddur:

"Düşünürəm ki, zaman-zaman bu problemlər də öz həllini tapacaqdır. Bununla bağlı hər bir qurumun böyük öhdəlikləri var. Eləcə də ayrı-ayrı istiqamətlər üzrə olan sahələri biz götürmüş olsaq, ilk növbədə məşğulluğun təmin olunması, məşğulluq səviyyəsinin artırılması çox önəmli məsələdir. Çünki bu gün açılmış hər beş iş yerinin dördü Bakıdadır. Bu da təbii olaraq regionda insanların paytaxta üz tutmasına gətirib çıxardır. İnsanların paytaxta üz tutması da öz növbəsində bir növ təmərküzləşmənin formalaşmasına xidmət edir. Düşünürəm ki, bilavasitə regionlarda mikro və kiçik sahibkarlığın inkişafına xüsusi diqqətin ayrılmasına ehtiyac var. Kiçik və mikro sahibkarlığın inkişafına nə qədər çox nail olunarsa, regionlarda sosial-iqtisadi problemlər bir o qədər çox həll olunar".

İqtisadçı eskpert Xalid Kərimli isə söylədi ki, Azərbaycanda məşğulluğun 80 faizi Bakı və Abşeron yarımadasında cəmlənib:

"İqtisadiyyatın da 90 faizə yaxını Bakı və Abşeron yarımadasında formalaşıb. Azərbaycanın iqtisadi inkişaf səviyyəsi qənaətbəxş səviyyədə deyil, zəif inkişaf etmiş ölkələr siyahısındayıq. Amma regionlarda dövlət öz üzərinə düşən bir çox məsələləri həll edib. Xüsusən də infrastrukturun yaradılması, yolların çəkilməsi, enerji, qaz, kommunal infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı bir çox əhəmiyyətli addımlar atılıb ki, özəl sektorun inkişafı üçün, özəl sektorun formalaşması üçün şərait yaransın. Dövlət bunları edir, amma ondan da vacib olan məsələlər rəqabət mühitinin təkmilləşdirilməsidir, iqtisadiyyatın liberallaşdırılmasıdır, kapitalın üzərindəki sərt nəzarətin yumşaldılmasıdır, dövlət sektorunun payının azaldılmasıdır. Bir çox əhəmiyyətli addımlar var ki, onlar atılmasa real sektor üçün, özəl sektor üçün səmərəli şərait yaranmayacaq. Dövlət müəssisələri, dövlət mülkiyyəti azad olmalıdır. Kapitalın rahat hərəkəti üçün ölkəyə girişi və çıxışı imkanları genişlənməlidir ki, investisiyalar üçün maraqlı olsun".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.