Xalqa bağışlanan ömür

 13:48 08.12.2023     385

Siyasi elmlər üzrə fəlsəfə doktoru, “Müharibə, əmək və silahlı qüvvəllər veteranları  təşkilatı” ictimai birliyi sədrinin müavini Cəlil Xəlilovun “Xalqa mənsub olan həyat” əsəri  “2023-cü il Heydər Əliyev ili” çərçivəsində yazılmış samballı bir monoqrafiyadır. Bu monoqrafiya Azərbaycan dövlətçilik tarixinin 30 ildən artıq bir dövrünü böyük məsulliyətlə öz çiyinlərində daşıyan Böyük azərbaycanlı Heydər Əliyevin cahanşümul əhəmiyyətli fəaliyyətinə  həsr edilmişdir.

Ulu Öndər Heydər Əliyevin mənalı və əsrarəngiz həyat yolu təkcə yaşadığı dövrə deyil, həm də xalqın gələcəyinə nur saçır. Bu gün Azərbaycan xalqının  gəncliyi gələcəyinə əsaslı təminat qazanmaq istəyirsə hökmən ümumilli liderimiz  Heydər Əliyevin müdriklik məktəbini, əvəzsiz zəngin təcrübəsini dərindən öyrənməlidir. Bu əsərdə ümumilli lider Heydər Əliyevin bu  sahədəki tarixi xidmətləri, müdrik göstəriş və tövsiyyələri qlobal və  konseptual məsələləri əhatəli şəkildə ümumiləşdirilmişdir. Onun milli ideologiya, milli lider və ordu quruculuğu əsərlərinə, xalqın, dövlətin rifahı və təhlükəsizliyi istiqamətində gördüyü böyük işlər araşdırılmış və xalqımızın gələcəyi üçün çox əhəmiyyətli olduğu göstərilmişdir.

Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin xilaskarlıq  missiyası inandırıcı şəkildə əsaslandırılmış milli təhlükəsizliyin qarantı olan milli ideologiya və qüdrətli milli ordunu yalnız parlaq zəkaya, müdrikliyə,  fitri rəhbərlik istedadına, güclü xarakterə malik milli liderin yaratmağa qadir olması göstərilmişdir.

Tarix sistemlərin, dünya görüşlərin, əqidələrin, maraq və mənafelərin qarşı-qarşıya durmasıdır. Milyonlarla insanın əzabı hesabına başa gələn qarşıdurmalar, savaş və müharibələr çox hallarda bir nəfərin iradəsi, istəyi, hökmü, qərarı, bəzən hətta inadı müəyyən hallarda  rəvac verir. Əslində tarixin gedişini şəxsiyyət müəyyənləşdirir. Ən sadə  məntiqə görə xalqın şəxsiyyətsiz, şəxsiyyətin xalqsız mövcudluğu mümkün deyildir. Tarixdə nüfuzlu yaradıcı şəxsiyyətlər həmişə  minnətdarlıqla yad edilir. Həqiqətən də tarixi şəxsiyyətlər sadəcə tarix yaratmayıb, həm də tarix yazanlardır. Xalqımızın  XX əsr dövlətçilik tarixində xüsusi xilaskarlıq missiyasını yerinə yetirən ən qüdrətli şəxsiyyət məhz Heydər Əliyev  olmuşdur. Müəllifin yazdığı kimi: “Heydər Əliyev şəxsiyyət, rəhbər, lider, bir sözlə desək tanrı payıdır”.

Əsər də milli ideologiya və milli təhlükəsizlik problemləri geniş şəkildə və hərtərəfli təhlil edilmiş, ölkəmizdə müstəqillik ənənələrinə istinad etməklə milli dövlət quruculuğunun əhatəli təhlili verilmişdir. Əsərdə məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində kadr siyasətinin həyata keçirdiyi anları, bu sahədə milliləşdirmənin həyata keçirilməsi və onun gələcək potensialının yaradılmasında uzaqgörən siyasəti geniş tədqiq edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini xalqın birliyi, qüdrəti, tükənməz potensialı ilə xilas etmək, qoruyub saxlamağın və möhkəmləndirməyin mümkünlüyünü və zəruriliyini çox gözəl bilirdi. Ona görə də o, iqtisadi, sosial məsələlərlə yanaşı milli ideologiyanın praktiki əsaslarını tarixən mövcud ənənələrin yerinə yetirilməsinə xüsusi diqqət yetirirdi.

Əsərdə qeyd edildiyi kimi Heydər Əliyev “haqlı olaraq qeyd edirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bunun üçün isə hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Deməli xalqın və dövlətin təhlükəsizlyi müxtəlif amillərlə yanaşı eyni zamanda  milli ideologiyanın formalaşmasından daha çox asılıdır.

C.Xəlilovun  “Xalqa mənsub olan həyat” adlı əsərinin ən mühüm əhəmiyyətli istiqamətlərindən biri milli ideologiyanın atributlarını geniş şəkildə təhlil etməsidir. Əsərin “Milli lider və milli təhlükəsizlik” adlı fəslində milli liderin nəhəng liderlik isdedadı onun həyatının xüsusilə dövlət təhlükəsizlik komitəsində olan fəaliyyəti ilə bağlı olduğuna diqqət yönəldilir. Həmin dövrdə bu orqanlarda milli kadrların yerləşdirilməsində çox böyük xidmətləri qeyd edilmişdir.

Heydər Əliyev şəxsiyyətini dövlət başçısı kimi fərqləndirən cəhət, o cümlədən tale yüklü məsələlərin həllinin bütün mümkün variantlarını təhlil edərək ən optimalını seçməsi olmuşdur. Onun seçimi həmişə perspektivli olmuşdu. Bu fikirlər müəllifin gəldiyi fikirlər kimi dəyərləndirilməlidir.

 Heydər Əliyev təkcə dövrümüzün deyil, ümumiyyətlə, tariximizin nadir liderlərindən olduğunu onun şəxsiyyəti bir daha təsdiq edir. Onun lider kimi şəxsiyyəti bənzərsizdir. Ümumi oxşar cəhətlərinin mümkünlüyünə baxmayaraq  onu Azərbaycan və dünya miqyasında heç bir liderlə müqayisə etmək mümkün deyil. Bunu ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu əvəzsiz tarixi xidmətləri bir daha təsdiq edir.

Əsərdən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin  nəzəri əsasları müstəqil dövlətimizin memarı olan Heydər Əliyevin 1993-2003-cü illərdəki ayrı-ayrı çıxışlarındakı fikirlər geniş şəkildə şərh edilmişdir. Əsas fikirlərdən biri Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri olan  təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkil olunması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.       

1993-cü ildə  xalqın böyük əksəriyyətinin tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev xüsusi xidmət orqanlarının qarşısında öz vəzifə səlahiyyətlərini yerinə yetirmək üçün peşəkar kadr potensialının formalaşmasına, strukturun təkmilləşdirilməsinə, xalqın maraqlarına cavab verən yüksək səviyyədə onların razılığına çox böyük önəm verərək həyata keçirirdi.

Ulu öndərimiz H.Əliyevin yüksək peşəkarlıq və idarəçilik qabiliyyəti sayəsində təhlükəsizlik orqanları qarşısında yeni reallıqlar baxımından irəli gələn vəzifələrin qarşıya qoyulması ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verirdi. Bütün bunlarla ölkəmizdə milli dövlətçilik ənənələrini daha da inkişaf etdirməyi, etibarlı gələcək və əbədi yaşarlıq üçün sarsılmaz təməl yaradılmasını həyata keçirirdi.    

Heydər Əliyev dünyanın ən nəhəng xitabət kürsülərindən erməni dövlətinin terrorçuluq siyasətini pisləyərək terrorçuluğun bəşəriyyət üçün böyük fəlakət olduğunu elan edəndə həmin dövrdə böyük dövlətlər bu sözlərə lazımı qədər ciddi reaksiya verməmişdilər. Hazırda isə dünyanın əksər aparıcı dövlətlərinin xüsusi xidmət orqanlarının diqqət mərkəzində  duran terrorçuluqla mübarizə məsələsi mühüm əhəmiyyətə malik olması xüsusi qeyd edilir. Əsərdə haqlı olaraq qeyd edilir ki, son dövrlərdə terrorçuluğun yeni qollarının fəaliyyəti və dünyada gedən proseslərdə beynəlxalq terrorçuluq fəaliyyətindən istifadə edilməsinin qarşısını almaq üçün Azərbaycanın təhlükəsizlik orqanları çoxsaylı təxirəsalınmaz tədbirlər həyata keçirmişlər. Ölkəmizdə, hazırda, qlobal təhlükəsizlik arxitekturasının  beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı regionlarda əmin-amanlığa təhdidlərin artdığı bir zamanda, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması və möhkəmlənməsi  işinin daha da yüksəldilməsi, müasir çağırışlara cavab verən xüsusi əhəmiyyətli xidmətə çevrilməsini zəruri edir.       

Siyası elmlər üzrə fəlsəfə doktoru  Cəlil Xəlilov əsərdə milli ordu quruculuğu   problemlərinə xüsusi və hərtərəfli diqqət yetirərək milli  təhlükəsizliyin  nəzəri praktik  əsaslarının  möhkəmləndirilməsi istiqamətlərini tədqiqata cəlb etmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki, qüdrətli nizami ordu milli təhlükəsizliyin başlıca qarantı olsa da, amma yeganə deyildir, başqa amillər də nəzərə alınmalıdır.     

Ümummilli  liderimiz Heydər Əliyev  ideyalarının işığında müzəffər Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və bütün ərazilərimizdə Azərbaycanın suverenliyi bərpa olundu. Müəllifin qələmə aldığı “Xalqa mənsub olan  həyat” əsəri çox yüksək elmi nəzəri səviyyədə yazılmış bir tədqiqat nümunəsidir və yeni nəsil üçün böyük əhəmiyyətə malikdir. 

Azərbaycan Tibb Universitetinin

İctimai fənlər kafedrasının müdiri  prof.ƏLİYEV Q.C.