"Nəinki təyyarədə, elə ölkəmizdə Azərbaycan dilində danışanların sayı azalır"

 11:09 12.12.2023     447

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin ötən iclasında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarələrdə bələdçilərin Azərbaycan dilində danışa bilmədiklərindən şikayətlənib.

"Vaxtilə təyyarələrdə bələdçilərin danışığını özlərindən başqa heç kim başa düşümürdü. Yəqin ki, normal ana dilimizdə danışan bələdçi tapmaq çətin idi. Hər halda təyyarə, demək olar ki, Azərbaycan torpağıdır. Ora girəndən sonra orda oturan adamlar Azərbaycan dilində təmiz danışıq eşitmək istəyirlər. Olar ki, danışa bilməyənlər ən azından yazıb həmin danışığı orada səsləndirsinlər. Orada eybəcər dildə danışmaq olmaz”, - deyə deputat bildirib.

Niyə bələdçilər təyyarədə öz dilimizdə danışa bilmirlər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirdi ki, bu gün nəinki təyyarədə, elə ölkədə Azərbaycan dilində danışanların sayı azalır.

Onun sözlərinə görə, özəl klinikalarda rusdilli qeydiyyatçılar tələb olunur:

"Parfümeriya dükanlarına gedirsən, görürsən ki, rusdillilərin sayı çoxdur. Təyyarələr isə beynəlxalq hava limanlarında olur. Yəni burada beynəlxalq dil kimi onlardan ikinci dil də tələb oluna bilər. Ona görə onlar Azərbaycan dilində yaxşı danışmaya bilər. Amma mən qeyd edim ki, Azərbaycan dilini hər kəs bilməlidir. Yəni dili bilməyin özü bir mədəniyyətdir. Bu ölkədə yaşayan hər kəs öz ana dilini bilməlidir, hətta onun saflığını qorumalıdır. Çünki dil xalqın milli sərvətidir, mədəniyyətin güzgüsüdür".

Həmidə İBRAHİMLİ