"Heydər Əliyevin keçdiyi ömür yolu hamımız üçün möhtəşəm həyat məktəbidir" - Polkovnik
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür.
Ehtiyatda olan polkovnik Elşad İsayev ulu öndərlə bağlı fikirlərini Redaktor.az-la bölüşüb.
O deyib ki, xalqımızın bütün tarix boyu yetirdiyi ən mükəmməl və qüdrətli lider olaraq Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə xalqımızın müstəqillik arzusunun gerçəkləşməsi və istiqlalının əbədiləşdirilməsinə, eləcə də Vətənini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmağa çalışmışdı:
"Ona görə də Heydər Əliyev indiki və gələcək nəsillərin qəlbində əbədi yaşayır və yaşayacaq. Bu gün Azərbaycan Respublikasını ulu öndərsiz təsəvvür etmək mümkün deyil. Bütün varlığı ilə doğma vətənə, qədirbilən xalqına bağlı olan böyük şəxsiyyət taleyini Azərbaycan Respublikasının xoşbəxt gələcəyinə həsr etmişdir. Bu gün ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Çünki ölkə vətəndaşları, xüsusən də Azərbaycan gəncləri Heydər Əliyev irsinə, siyasətinə sadiqdir, onun hər bir tövsiyəsi yerinə yetirilir, xalqa məhəbbəti, Vətən sevgisi unudulmur. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Öz fəaliyyəti ilə ölməzlik zirvəsinə ucalan ulu öndərin keçdiyi ömür yolu hamımız üçün möhtəşəm həyat məktəbidir. Çünki o yol Azərbaycan tarixinin qürur dolu şərəfli bir hissəsidir. Biz o tarixi dərindən öyrənməli və gələcək nəsillərə ötürməyə borcluyuq".
Polkovnik vurğuladı ki, hərbi xidmətdə olduğu dövrdə Heydər Əliyevi şəxsən görüb:
"Hətta bizim fotoşəkillərimiz də var. Eyni zamanda, bilirsiniz ki, ulu öndər uzun müddət dövlət təhlükəsizlik orqanlarında çalışıb və mən də bir dövlət təhlüəsizlik orqanlarının veteranı kimi çox qürurluyam ki, Heydər Əliyevin yaratdığı möhtəşəm peşəkarlıq məktəbinin nümayəndəsi olmuşam və uzun müddət bu orqanda işləmişəm".
Humay İSGƏNDƏRLİ