"Dövlətlə bağlı nə öyrəndimsə, Heydər Əliyevdən öyrəndim" - Keçmiş deputat
"Heydər Əliyevlə mən üç il işləmişəm. Mən kənd təssərrüfatı nazirinin müavini idim, o da bizim prezident idi. Amma ondan qabaq əsas Milli Məclisə sədr gələndə altı ay müddətində daha çox təmasda olurduq. Demək olar ki, hər gün Heydər Əliyevlə görüşürdük. Xüsusilə, nə vaxt ki, Milli Məclis toplanırdı, həmin günü məclisdə hansı məsələlər müzakirəyə çıxarılacaqdısa, Heydər Əliyev qanunu kimlər təqdim edirdisə, bir saat qanunla bağlı xırdalığına qədər hər şeyi soruşurdu, araşdırırdı".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin keçmiş deputatı, siyasi şərhçi Cümşüd Nuriyev Heydər Əliyevlə bağlı xatirələrindən danışarkən deyib.
Onun sözlərinə görə, Heydər Əliyev onlara dövlət idarəçiliyində ustad dərsləri keçib:
"Açığı ona qədər belə bir şeylər görməmişdik. Baxmayaraq ki, parlament üçüncü il idi fəaliyyət göstərirdi, o müddət ərzində parlamentdə belə bir ənənə yox idi. Bunu acı olsa da, etiraf etmək lazımdır. Eyni zamanda, dövlətçiliklə bağlı, hər hansı bir sahə haqqında maraqlanırdısa, o sahənin bütün problemlərini əvvəlcədən özü üçün araşdırırdı. Hər bir kadrla maraqlanan bir insan idi. Şəxsiyyət idi. Həddən artıq əxlaqlı idi. Çox tərbiyəli adam idi. Heç vaxt danışığında artıq heç bir şeyə yol verməzdi. Həddən çox informasiyalı idi, yüksək mədəniyyətə malik idi. Baxmayaraq ki, biz tabeçiliyində idik, nəyisə əmr formasında deməzdi. Deyirdi ki, “bunu belə eləsək, necə olar?”
Yəni o, insana qiymət verirdi. İnsanı dəyərləndirmək, insana qiymət vermək dövlətçilikdə çox mühümdür. Onda yüksək dövlətçilik etikası, dövlətçilik mədəniyyəti var idi. Mən o müddətdə dövlətlə bağlı nə öyrəndimsə, Heydər Əliyevdən öyrəndim. Çünki Xalq Cəbhəsinin vaxtında dövlətçilik bilən yox idi. Əksinə, bəzi şeyləri biz onlara izah edirdik. Əgər mən o səviyyədə dövləti bilirdimsə, mənim izah etdiyim, gör nə gündə olacaqdı. Ona görə də o günə qaldıq, yəni ənənə yox idi. Azərbaycanın ən böyük itkisi o oldu ki, elə Heydər Əliyev gərək 1992-ci ilin mayın 1-i hakimiyyətə gələrdi".
Həmidə İBRAHİMLİ