"Heydər Əliyevin irsi daim öyrənilir və təbliğ olunur" - Polkovnik
Ulu Öndər Heydər Əliyev xalqımızın böyüklük, əzmkarlıq və mübarizə simvoludur. Elə buna görə də onun irsi bu gün də sevə-sevə öyrənilir və təbliğ olunur.
Bu sözləri Redaktor.az-a verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının, eləcə də dövlətçiliyinin tarixində müstəsna yer tutan təkrarsız dövlət xadimi, böyük siyasətçidir: “Ulu Öndərin böyüklüyünə dəlalət edən ən başlıca amil isə onun hələ sovetlər dönəmində Azərbaycanın müstəqilliyini görməsi, bunun üçün gərəkli bazis formalaşdırması, milli kadrların hazırlanması sahəsində ardıcıl iş aparması idi. O, 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra da öz müdrikliyini və uzaqgörənliyini sübut etdi. Ulu Öndər həmin dövrdə həm erməni işğalına qarşı, həm də daxildəki antimilli qüvvələrə, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə apara-apara dövlətimizin müstəqilliyini möhkəmləndirməyə nail oldu. Məhz Heydər Əliyevin səyi nəticəsində dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanımaqla yanaşı, həm də ölkəmizlə əməkdaşlıq əlaqələri qurmağa, bir sıra layihələrə investisiya qoymağa başladı. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” bunun ən böyük sübutudur”.
Müsahibimiz daha sonra deyib: “Bu gün Ulu Öndərin vəfatının 20-ci ildönümündə böyük liderimizi sevgi və ehtiram hissi ilə anır, onun xidmətlərini qürurla yad edirik. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Heydər Əliyev ideyaları bundan sonra da çiçəklənməkdə, xalqımıza yeni-yeni uğurlar gətirməkdə davam edəcək, Azərbaycanın gələcək təhlükəsizliyinə və rifahına töhfələr verəcək”.