"Qiymət artımı onların iflasına səbəb olacaq" - Ekspert

 13:21 13.12.2023     1555

Bir neçə gündür ki, taksi şirkətlərinə məxsus taksilərin sürcüləri iddia edir ki, qiymətlər qaldırılacaq. Belə ki, "Bolt" taksi şirkətinin sürücləri bildirir ki, gedişhaqqı hər kilometrə görə əlavə 70 qəpik hesablanacaq. Yəni 5 manata gedilən hər hansı bir yol, bu hesablamalardan sonra 12-13 manat təşkil edəcək.

Bəs, bu dərəcə yüksək qiymət artımı yaşana bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev dedi ki, hazırda bazar iqtisadiyyatı dövründə yaşayırıq, hər şeyi bazar tənzimləyir:

"O sürücü, o vətəndaş iddia edir ki, 70 qəpik qalxacaq, ola bilsin, bir başqası deyəcək 7 manat qalxacaq. Bunlar hamısı bazarın tənzimlənməsi ilə nəticələnən proseslərdir. Ola bilər, qaldıra bilərlər, onlar şirkətdirlər deyəcəklər ki, biz bunu bu qiymətə aparırıq. Təbii ki, bu mümkündür. Ümumiyyətlə, taksi gedişi barədə Tarif Şurasının xüsusi bir qiyməti yoxdur. Ona görə də bunlar istədiyi qiyməti qoya bilərlər. Amma bu da o demək deyil ki, onların qoyduğu qiymət işləyəcək və yaxud da bu, bütün qiymətlərə təsir göstərəcək. Biz bilirik ki, taksilər fəaliyyətində sərbəstdir. Hazırda həm fərdi insanlar bu işlə məşğuldurlar, həm də bəzi şirkətlər bu işlə məşğuldurlar. Düşümürəm ki, bir şirkətin və ya bir neçə şirkətin qiyməti artırmağının ümumiyyətlə bazara təsiri olmayacaq. Çünki yenə qeyd edirəm ki, bu, bazar iqtisadiyyatıdır. Əgər vətəndaş "Bolt"dan istifadə edirdisə, indi "Bolt"un qiyməti qalxsa, başqa şirkətlərə, bu işlə fərdi məşğul onlara müraciət edəcəklər. "Bolt"un da demək olar ki, qiymət artımı siyasəti onların iflasına səbəb olacaq. Yəni narahat olunacaq bir məqam yoxdur".

Humay İSGƏNDƏRLİ