Ukraynadakı Azərbaycan diasporunun rəhbəri medalla təltif olundu - FOTO

 11:56 19.12.2023     541

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Dəyirmi masa keçirilib. UABD-nin ofisində təşkil olunan Dəyirmi masada ötən ilin yekunları, Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və Azərbaycan-Ukrayna münasibətləri müzakirə olunub.
  
Redaktor.az xəbər verir ki, dəyirmi masada Ali Radanın hakim “Xalq qulluqçusu” partiyasının deputatları Valeri Kolyux, Vladimir Kreydenko, Sergey Bunin, Nikolay Qaluşko, videobağlantı vasitəsilə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Razi Nurullayev, Azər Qasımlı, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov diasporun ötən bir ildə gördüyü işlərdən, keçirdikləri tədbirlərdən danışıb. Qeyd edib ki, müharibə şəraitinə baxmayaraq Ukraynadakı Azərbaycan diasporu nəzərdə tutulan tədbirləri yüksək səviyyədə həyata keçirir: “Bu xüsusda parlament diplomatiyasına xüsusi önəm veririk. Düşünürük ki, Ukrayna və Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları ölkələrin yaxınlaşması istiqamətində daha sıx işləməlidirlər. Qloballaşan dünyada bu xətt vacib və əhəmiyyətlidir”. 

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov bildirib ki, bu tədbirin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi günlərində baş verməsi də rəmzidir: “Əlbəttə, dünyada və xüsusən də Ukraynada Azərbaycan diasporunun formalaşmasında Heydər  Əliyevin rolu əvəzsizdir”. K.Bayramov qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın birliyi daha da möhkəmləndi: “Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin, o cümlədən Ukraynanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəallıq nümayiş etdirir, ölkəmizlə əlaqələrin genişləndirilməsində böyük rol oynayırlar”. 

Ukraynalı deputatlar Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi ilə üzləşdiyi belə çətin bir dövrdə qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar. Bu işdə Ukraynadakı Azərbaycan diasporunun rolu xüsusi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bütün dövürlərdə yüksək səviyyədə olduğunu vurğulayan Ukraynalı deputatlar Azərbaycan diasporunun Ukraynada kifayət qədər təqdirəlayiq işlər gördüyünü qeyd ediblər.  

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev qarşıdan gələn həmrəylik günü münasibətilə Ukraynada və dünyada yaşayan soydaşlarımızı təbrik edib. S.Mərdəliyev diasporla səfirlik arasında münasibətlərin daha da yaxınlaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib.  

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukrayna Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Ukraynada yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanda da insanlar Ukraynaya dəstəyini əsirgəmədi: “Əlbəttə, bu çətin günlərdə Azərbaycan dövlətinin də Ukraynaya humanitar dəstəyi bizi sevindirir”. 

Dəyirmi masada İrpen şəhərinin meri Aleksandr Markuşin, Ukrayna Qəhrəmanı Vidadi İsrafilov, Ukrayna Azərbaycanlıları Radasının icraçı katibi Elşad İbrahimov və UABD İdarə Heyətinin üzvləri çıxış ediblər. 

Dəyirmi masada Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “İrpen şəhəri qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.  Medalı Hikmət Cavadova İrpen şəhərinin meri Aleksandr Markuşin təqdim edib.

Redaktor.az

222222