"Stadiondakı "Qarabağ Azərbaycandır" sözü ermənilərin ürəyinə dağ çəkdi" - Xankəndinin keçmiş deputatı
"Mən Xankəndidə doğulmuşam. O stadionda o qədər futbola gedib baxmışıq ki. Atam bizi futbola baxmağa aparırdı. Xüsusilə Ağdam futbol komandası orda oynayanda, qol vurulanda səsi oralara düşürdü. Mən çox sevinirəm ki, nəhayət biz öz yerimizə, yurdumuza qayıda bildik. Allah cənab Prezidentin canını sağ eləsin. İki gün sonra onun ad günüdür. Təbrik edirəm, uzun ömür arzulayıram".
Bu sözləri Redaktor.az-a açıqlmasında Xankəndinin keçmiş deputatı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin xanımı Flora Qasımova Prezident İlham Əliyevin Xankəndiyə səfərini və Xankəndi stadionunda keçirilən futbol matçını şərh edərkən deyib.
O xatırlatdı ki, Azərbaycan tarixində qızıl hərflərlə bir qələbə yazılıb:
"O da Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan ordusunun əsgərləri, zabitləri tərəfindən oldu. Çox sevinirəm. Bundan artıq nə demək olar? Fəxr edirəm ki, bir vaxt bizə yanıq verən o ermənilərin əsl mənada belə gözəl cavablarını verdilər. Elə futbol meydançasındakı "Qarabağ Azərbaycandır" sözü, o meydançanın yenidən qurulması bunların ürəyinə bir dağ çəkdi. Gözləmirdilər. Onlar hələ bizi Kürə qədər qovacaqdılar. Bakıda çay içəcəkdilər, cənab Prezident demişkən, Bakının küçələrində tanklarını sürəcəkdilər. Bunlar Azərbaycan xalqını əslində yaxşı tanıyırdılar. Amma küyə getdilər, elə fikirləşdilər ki, əvvəlki illərdəki kimi yenə bizdən torpaq qopara bilərlər. Xalqımız cənab Prezidentin, Ulu Öndərin rəhbərliyi ilə bu dövləti həqiqi mənasında elə bir yüksək səviyyəyə qaldırdı ki... Bir vaxtlar Azərbaycan sözünü xarici ölkələrdə düzgün də tələffüz edə bilmirdilər. Baxın, indi Azərbaycan prezidentinin nüfuzu, Azərbaycan dövlətinin nüfuzu necə yüksəlib. Həqiqətən, dünyada bir söz sahibi olduq".
F.Qasımovanın sözlərinə görə, müharibədəki uğurumuz bizi bütün dünyaya, əsl mənada Azərbaycanın nə demək olduğunu göstərir.
"Çünki bizim dövlətçilik tariximiz var. Bizim dövlət qurmaq məsələsi qandan gələn genimizdə var. Amma indi baxın, ermənilər heç Sovet hakimiyyəti dövründə bir dövlət qura bilməmişdilər. Çünki onlar elə SSRİ-nin büdcəsindən maliyyə yardımı alırdılar. Amma biz büdcəyə ödəyirdik. İndi onlar elə bilirdilər ki, elə atlarını yenə beləcə sürəcəklər. Çox sevinirəm. Cənab Prezidentə uğurlar arzulayıram, cansağlığı arzulayıram. Azərbaycan xalqının xatirəsində qalib Ali Baş Komandan kimi əsrlər boyu yad olunacaq. Həmişə cənab Prezidentin, Mehriban xanımın şəhid ailələrinə, şəhid uşaqlarına xüsusi qayğıları olubdur. O şəhid verərkən mən bilirəm ki, indi cənab Prezident, Mehriban xanım da nə qədər həyəcanlar keçirib. Axı hər bir şəhidin arxasında bir ana var, həyat yoldaşı var, uşaqları var. Biz 27 il sülh danışıqlarına qoşulduq ki, təki şəhid verməyək. Amma nəticəsi alınmadı. Ona görə də mən Allah şəhidlərimizə rəhmət eləsin deyirəm. Qazilərimizə can sağlığı versin. Ayaq açdığım, gəzdiyim yerlərdir o yerlər. Mən hələ Xankəndiyə getməmişəm, amma qürur hissi keçirirəm. Nə yaxşı ki, bizim belə prezidentimiz var", - deyə Flora xanım bildirdi.
Həmidə İBRAHİMLİ