“Mehdi Hüseynzadənin qəhrəmanlığının Vətən müharibəsində təkrarlanması qürurvericidir”

 17:20 22.12.2023     243

“Mehdi Hüseynzadə Azərbaycan xalqının qəhrəman oğludur və hər zaman belə də xatırlanacaq”.

Redaktor.az xəbər verir ki, bunu Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyi münasibətilə saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, xalqımızın İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqları Vətən müharibəsində təkrarlaması təqdirəlayiqdir:

“Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığı heç kimə sirr deyil. Təsadüfi deyil ki, dünyanın bir çox məşhur hərbi-siyasi xadimləri açıq şəkildə bildirib ki, əgər İkinci Dünya mharibəsində neft Bakısı – Azərbaycan faktoru olmasaydı, o zaman faşizmə qalib gəlmək mümkün olmazdı.

Xalqımız İkinci Dünya müharibəsində öz iqtisadi resursları ilə yanaşı, qəhrəman oğlan və qızları ilə də cəsarətlə iştirak edib, böyük qəhrəmanlıqlar göstərib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə də bu qəhrəmanlardan biridir. Bu gün – qəhrəmanın anadan olmasının 105-ci ildönümündə bütün Azərbaycan xalqı onu hörmət və ehtiramla anır, Mehdi Hüseynzadə ismini gənc nəsillərə örnək göstərir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakıda Mehdi Hüseynzadənin əzəmətli heykəli qoyulub, bir çox küçələrə onun adı verilib. 2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya səfəri zamanı əldə edilən razılaşmaya əsasən isə 2007-ci ildə qəhrəmanımızın abidəsinin açılışı olub.

Bizim üçün sevindiricidir ki, Mehdi Hüseynzadənin, Həzi Aslanovun və digər qəhrəmanlarımızın İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlar Vətən müharibəsində gənclərimiz tərəfindən təkrarlanmış, bu qəhrəmanlıqlar bütün dünya tərəfindən heyrətlə qarşılanmışdır. Gənclərimizin öz babalarının qəhrəmanlıqlarını erməni faşizminə qarşı mübarizədə uğurla təkrarlaması xalqımızın nə qədər böyük və qüdrətli olduğunu göstərməklə yanaşı, qəhrəmanlıq ənənələrinin də müvəffəqiyyətlə davam etdirildiyini göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan xalqının özü kimi onun qəhrəmanlıq ruhu da əbədidir və bu ruh xalqımızla birlikdə sonsuza kimi yaşayacaq”.

Turan İSMAYIL