Tofiq Abdullayevin xatirəsi anıldı

 17:09 25.12.2023     281

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru olmuş, Azərbaycanın əməkdar memarı Tofiq Abdullayevin xatirəsi anılıb.

Redaktor.az xəbər verir ki, anım tədbirində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, universitetin, o cümlədən Memarlıq fakültəsinin professor-müəllim heyəti və Tofiq Abdullayevi tanıyanlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova görkəmli memarın zəngin fəaliyyətindən, Azərbaycanın milli memarlıq sənətinə verdiyi töhfələrdən danışıb.

Rektor bildirib ki, uzun müddət Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru olmuş Tofiq Abdullayev Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə daim zənginləşdirib, memarlığın elm kimi təşəkkülündə, ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərib. 

Professor Gülçöhrə Məmmədova  görkəmli memarın layihəsi əsasında AzMİU-da tədris-laboratoriyası, İdman Kompleksinin tikilməsi, eləcə də çalışdığı kafedranın memar alimləri ilə birgə həyata keçirdiyi Şəkinin Kiş, Qəbələnin Nic kəndində məbədlərin bərpası, Qaxda Qum məbədinin konservasiya işlərini xatırladıb.

Alimin 40-dan çox elmi əsərin müəllifi, 3 kitabın həmmüəllifi olduğunu deyən rektor qeyd edib ki, Tofiq Abdullayev ömrünü sevdiyi sənətə həsr edən görkəmli memar, pedaqoq, vətənini, millətini böyük məhəbbətlə sevən ziyalı olub.

Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri professor Elbay Qasımzadə görkəmli memar haqqında fikirlərini bölüşüb. O, professor Tofiq Abdullayevin layihəsi ilə inşa edilən tikililərdə klassik memarlığın ənənəvi üsullarından və Azərbaycan milli memarlığının səciyyəvi elementlərindən bacarıqla istifadə edildiyini bildirib. Elbay Qasımzadə qeyd edib ki, Bakı şəhərinin hazırkı memarlıq simasında Tofiq Abdullayevin layihəsi əsasında inşa edilən tikililər xüsusi əhəmiyyətə malikdir. 

Xatirə tədbirində görkəmli memar və pedaqoq Tofiq Abdullayev ilə birgə çalışan AzMİU-nun müəllimləri, Tofiq Abdullayevin yaxınları da xatirələrində onu  vətəndaş mövqeyli alim, cəfakeş müəllim, ləyaqətli ziyalı kimi xarakterizə ediblər.

Görkəmli memarın elmini və zəngin təcrübəsini ali məktəb auditoriyalarında gənclərlə səxavətlə bölüşdüyünü diqqətə çatdırıb, elmi tədqiqatlarının gənc nəsilə dəyərli miras kimi qoyub getdiyini deyiblər.

22222222222