"İlham Əliyevin "Turşsu" bulağına gedişi elə-belə deyildi" - Deputat
"Prezidentimiz, Ali Baş Komandanımız həmişə özünün doğum günlərini məcburi köçkünlərlə birlikdə keçirib. Bu qələbəmizdən sonra da doğum gününü işğaldan azad olunmuş ərazilərimizdə - Şuşada, Füzulidə, Ağdamda, Laçında, Xocalıda, Xocavənddə keçirir. Bu il də həmin ənənə davam etdirildi və bu səfərlər elə belə səfər kimi yadda qalmır".
Bunu Redaktor.az-a Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfəri haqqında danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov dedi.
O bildirdi ki, bu ilki səfərdə Prezident Ağdamda bir neçə yaşayış massivinin təməli qoydu:
"Neçə kəndin təməli qoyuldu, nə qədər tapşırıqlar və göstərişlər verildi. Yəni bunların hamısını biz televiziyalarımızda müşahidə edirik. Baxırıq və sevinirik, qürurlanırıq. Cənab Prezidentimizə sonsuz məhəbbətimizi, təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Cənab Prezidentimiz ərazilərimiz işğaldan azad ediləndən sonra bu səfərlərdə və tədbirlərdə həmişə belə bir fikir söyləyir ki, biz bu yerləri cənnətə çevirəcəyik. İndi həqiqətən də görülən işlərə baxırıq, azad olunmuş bölgələrimiz cənnətə çevirilir. Cənab Prezident Şuşada "Turşsu" bulağında oldu. "Turşsu" bulağı Şuşa ilə Laçın arasında çox yüksəklikdə yerləşən bir qəsəbədir və orada həmişə çoxsaylı əhali məskunlaşıb. Orada yay dövrünü keçirmək üçün əvvəllər nə qədər çadır qurulardı, minlərlə insan gələrdi. İlham Əliyevin ora gedişi elə-belə deyildi. Yəni cənab Prezidentimiz oranın gələcəyi üçün artıq planları nəzərdən keçirdi, tapşırıqlar verdi. Oranın istirahət zonası kimi, yay - qış turizm bölgəsi kimi inkişafı üçün yəqin ki, tapşırıqlarını verdi. Bu ilimizin sonuna olan bu bir neçə gün ərzində cənab Prezidentimizin bir-birinin ardınca olan bu səfərləri və bu səfərlər zamanı görülən işlər, qoyulan təməllər, çəkilən yollar, verilən tapşırıqlar, göstərişlər, elektrik enerjisi təminatı ilə bağlı Ağdamla Xocalı arasında Şelli kəndi ərazisində böyük bir yarımstansiyanın tikilib istifadəyə verilməsi, Xaçınçay su anbarının təmirdən sonra yeni vəziyyəti ilə tanışlıq üçün səfəri nədən xəbər verir? Bu ondan xəbər verir ki, cənab Prezidentimiz prezidentliyi dövründə nə deyirsə, onu edib. Yəni həmişə cənab prezidentimiz deyir ki, mənim sözüm imzam qədər etibarlıdır. Dediyi sözləri, verdiyi vədləri yerinə yetirən qalib prezidentimiz var. Biz də prezidentimizlə fəxr edirik və bəri başdan da onun həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, həm də Yeni il münasibətilə təbrik edirik".
Humay İSGƏNDƏRLİ