Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirildi

 19:49 25.12.2023     200

Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək.

Bununla yanaşı, miqrasiya orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların miqrasiya orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər miqrasiya orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri miqrasiya orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.”;

Miqrasiya orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

Pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir.