Hansı vəzifə adları böyük, hansılar kiçik yazılmalıdır?
Bəzən mediada hansı vəzifə adının böyük, hansının kiçik hərflə yazılışı ilə bağlı qarışıqlıq müşahidə olunur.
Bəs mövcud qayda və tələblərə görə vəzifə adları necə yazılmalıdır? Hansı vəzifələr böyük, hansılar kiçik hərflə yazılmalıdır?
Redaktor.az bununla əlaqədar mövcud qanunvericiliyə müraciət edib. Ölkə başçısının 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"da hansı vəzifə adlarının necə yazıldığı müəyyənləşdirilib.
Təlimatın 39-cu müddəasında qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları göstərilib. Sənəddə bildirilir:
“Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokurorudur. Bu vəzifələr istisna olamaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).
Beləliklə, qanunvericiliyə istinad edərək, yalnız “Prezident”, “Baş nazir” və “Baş prokuror” sözləri böyük yazılmalıdır. Qalan bütün vəzifələrin adlarını isə kiçik hərflərlə yazmalıyıq.