Ankarada türk dövlətlərinin birgə çoxtərəfli elmi əməkdaşlığına dair işçi seminar keçirilir - FOTO
Türkiyənin Ankara şəhərində Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin regional və qlobal problemlərin həlli istiqamətində birgə çoxtərəfli elmi əməkdaşlığı” mövzusunda işçi seminar (“Workshop on science based multilateral collaboration and co-creation among turkic states for tackling regional and global challenges”) keçirilir.
Redaktor.az xəbər verir ki, işçi seminara Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələr qatılıb. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev seminarda iştirak edir.
Seminarın açılış mərasimində TÜBİTAK-ın prezidenti Hasan Mandal, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxış edərək türkdilli ölkələrin regional və qlobal problemlərin həlli istiqamətində birgə fəaliyyətinin zəruriliyinə toxunublar. Qeyd olunub ki, türk dövlətlərinin çoxtərəfli elmi əməkdaşlığı regional və qlobal təhdidlərlə mübarizədə töhfə verə bilər.
Seminarda türk dövlətlərinin müxtəlif elmi təşkilat və müəssisələrinin nümayəndələrinin tədqiqat, inkişaf və innovasiya fəaliyyətlərinə dair təqdimatları olub. Tədbirdə Nobel mükafatı laureatı, professor Əziz Səncər də onlayn olaraq iştirak edib.
Daha sonra türk dövlətləri arasında elm əsaslı çoxtərəfli əməkdaşlıq və birgə yaradıcılıq yolu ilə regional və qlobal problemlərin həlli üçün əsas aktual mövzular müzakirə olunub.