"Süni qiymət artımı vasitəsilə xalqı soyanların fəaliyyətinə son qoyulmalıdır" - Əli Məsimli

 17:03 26.12.2023     1281

Bildiyimiz kimi, uzun illərdən sonra Rəqabət Məcəlləsi bu il nəhayət ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.

Rəqabət Məcəlləsinin azad sahibkarlığın inkişafına təsiri necə olacaq? Monopoliyanın aradan qaldırılmasına təsiri olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Əli Məsimli dedi ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini həm Milli Məclisin tribunasından, həm də mətbuatda, televiziyada və digər media vasitələrində çox qaldırıb:

"Bu, səbəbsiz deyildi. Ona görə ki, əgər həqiqi bazar iqtisadiyyatından danışılırsa, burada azad sahibkarlıq, azad rəqabət və azad sahibkarlıqla rəqabətdən doğan ədalətli qiymətlər aparıcı rol oynamalıdır. Rəqabət olmayan yerdə inkişaf ola bilməz, bunu sadəcə söz naminə demirik. İnkişaf etmiş ölkələrin əksəriyyətinin təcrübəsi açıq aydın göstərir ki, bazar iqtisadiyyatında daha yüksək nəticələrə nail olmaqdan ötrü mütləq rəqabət olmalıdır. Uzun illər Rəqabət Məcəlləsinin qəbulu ləngidildi və nəhayət, bu il Rəqabət Məcəlləsi qəbul edildi. Hesab edirəm ki, bu rəqabət sahəsində hüquqi bazanın yaradılması kontekstində irəliyə doğru çox mühüm bir addımdır. Amma bu, məsələnin bir tərəfidir. Bu, daha çox Rəqabət Məcəlləsindən qorxanlar üçün bir mesajdır. Çünki içərisini bilmədən elə rəqabət sözündən qorxub həmin o Rəqabət Məcəlləsinin keçməsinin qarşısını aldılar. Amma yenə də şükür ki, Rəqabət Məcəlləsi qəbul olundu. Bu nöqteyi nəzərdən Rəqabət Məcəlləsi bütün dərdlərin dərmanı kimi yox, o formalaşmış strategiyanı sındırmaq nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edir ki, artıq o rəqabətsizlikdən sui istifadə edib milyonlar, milyardlar qazanların başının üstündə "Domokl qılıncı" kimi belə bir qanun olacaq ki, nə vaxtsa cəzalanacaqlar". 

Millət vəkilinin sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, Rəqabət Məcəlləsi gələn ilin ortalarından işə düşəcək:

"Burada qanunun qəbul edilməsi məsələnin bir tərəfidir. Bu qanunun səmərəli fəaliyyət göstərməsi üçün şəraitin yaradılması heç də ondan az məsələ deyil. Hesab edirəm ki, bunlar qoşa qanad kimi bir-birini tamamlamalıdır. Eyni zamanda bu kontekstdə Azərbaycanda rəqabət mühitinin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır və qanundan yuxarıda durub öz monopol vəziyyətindən istifadə edərək, süni qiymət artımı vasitəsilə xalqı soyan həmin təbəqənin o fəaliyyətinə son qoyulmalıdır. Ona görə ki, bazar iqtisadiyyatında süni qiymət məsələsi bir balaca problemlidir. Amma Azərbaycan reallığında bu həqiqətdir. Məsələn, artıq üçüncü ildir ki, dünyada qiymətlərin aşağı düşülməsi istiqamətində meyllər gedir. Bu il isə tam demək olar ki, özünü bütün çılpaqlığı ilə göstərdi. Amma Azərbaycanda yenə də inflyasiyanın səviyyəsi kifayət qədər yüksəkdir. Amma buradakı amillər, məsələn, bizim idxal etdiyimiz məhsulların üzərində gələn qiymət artımı müəyyənedici rol oynayır. Burada həqiqət payı var, amma bu, yarımçıq həqiqətdir. Əgər doğurdan da hər şey biz idxal etdiyimiz məhsulların üzərindəki o gələn əlavə qiymət artımından bağlıdırsa, onda dünyada qiymətlər aşağı düşür, bəs Azərbaycanda niyə aşağı düşmür? Çünki 500 artıq məhsul əsasında inflyasiya ölçülür və 500 artıq məhsulun da xeyli hissəsi elə bir məhsul deyil ki, onların qiymətində hansısa bir kəskin dəyişilik olsun. Amma xalqın daim istifadə etdiyi, xüsusən ərzaq malları, bir sıra qeyri ərzaq mallarının qiyməti isə artmaqda davam edir. Beləliklə də o başqa məhsulların qiymətinin sabit qalması, yaxud da aşağı düşməsi, yaxud da ildə bir dəfə, iki ildə, beş ildə, on ildə bir dəfə müraciət etdiyi məhsulların qiymətində müəyyən sabitlik, yaxud da aşağı düşmə gətirir, ümumi deməli inflyasiyanın səviyyəsinə təsir göstərir. Bu nöqteyi nəzərdən inflyasiyanı da ölçən zaman 500 yüzündən artıq məhsuldan əlavə, eyni zamanda əhalinin daha çox işlətdiyi məhsullar, yəni ərzaq zənbilinə daxil olan məhsullar əsasında da hesab edirəm ki, ölçülməsi paralel surətdə mənzərəni daha aydın göstərəcək.

Bu nöqteyi nəzərdən ki, məsələn, Azərbaycanda muzdlu işləyənlərin hardasa yarısına qədəri 500 manatın ətrafında maaş alır, 500 manatla inflyasiya ölçülən 530 məhsulu almaq mümkün deyil. Onlar əsasən həmin 500 manat pulla gündəlik həyatı tələbat üçün olan məhsulları ala bilər. Deməli, gündəlik həyatı tələbat olan məhsulların qiymətləri isə artmaqda davam edir. Xüsusən də bütün dünyada milli bayramlarda qiymətlər kütləvi surətdə aşağı düşür və aşağı düşən zaman sahibkar uduzmur. Ona görə uduzmur ki, o, hansısa məhsulun bir vahidini 10 manata satırdısa, bayramlar ərəfəsində onu 12 manata satanda o əvvəlcə 100 məhsul satırdısa indi 100 məhsul sata bilməyəcək, 60-70 məhsul satacaq. Amma həmin məhsulu 10 manata yox, səkkiz manata satsa, artıq 100 məhsul yox, 200-300 məhsul satacaq və dövriyyədən qazanacaq. Bütün dünya o dövriyyədən qazanır. Azərbaycanda isə monopoliya olduğuna görə yenə də həmin o bayramlar ərəfəsində süni qiymət artımından istifadə olunur. Süni qiymətin hər faiz artımının arxasında 500 milyon manatdan çox vəsait durur. Deməli, o işbazlar, o monopol vəziyyətindən istifadə edənlər hər dəfə qiyməti artıran zaman onun hər faizinə görə milyard manatlıqlarla hər il Azərbaycan xalqının cibinə girirlər".

Əli Məsimli hesab edir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi, müəyyən dərəcədə rəqabət mühitinin yaradılması, bu sahədə qanunvericiliyin işləməsi üçün mühüm əhəmiyyət kəsb edəcək.

"Amma burda təşkilati işlər də görülməlidir ki, Rəqabət Məcəlləsinin həyata keçirilməsini ifadə edən, onu reallaşdıran qurumun elə bir səlahiyyətləri olsun ki, o, indiyə qədər monopol vəziyyətindən istifadə edib, Azərbaycan xalqını soyanların, bundan sonra soymasının qarşısını alması gücünə malik olsun. Onda Rəqabət Məcəlləsi işləyə biləcək. Qanun, qanunun normal işləməsi üçün şərait, bir də həmin qanunu reallaşdırmaq üçün olan orqanın səlahiyyətləri bir birini tamamlamaqla Azərbaycanda normal rəqabət mühiti yarana bilər. Bu isə qiymətlərin aşağı düşməsi və əhalinin daha çox hissəsinin həm adi vaxtlarda, həm də bayram vaxtlarında məhsul almağa əlçatanlığını təmin etmək nöqteyi nəzərdən çox vacibdir", - deyə millət vəkili vurğuladı.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda dərc olunub.

2