Veteranlar respublikada aparılan mütərəqqi islahatlardan razıdırlar

 13:07 28.12.2023     233

Bu gün “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin ümumi yığıncağı keçirildi. Yığıncaqda respublikanın ictimai-siyasi həyatında fəallıq göstərən veteranlar, təşkilatımızın respublikanın rayon veteranlar təşkilatlarının sədrləri və üzvləri, rəyasət heyətinin üzvləri və qazilər, əmək veteranları iştirak etdilər. Burada əsas məsələ ondan ibarət idi ki, biz bu tədbiri veteranların müraciəti ilə keçirdik. Bu il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində Qələbə qazanıb. İlin sonunda bu ümumi yığıncağı keçirməklə veteranlar bir daha nümayiş etdirmək istəyirlər ki, onlar respublikada aparılan mütərəqqi islahatlardan, ictimai-siyasi sabitlikdən razıdırlar və gələcəkdə də bu siyasətin davamlı olmasını istəyir və dəstəkləyirlər.

Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Təşkilatın sədr müavini yığıncaqda bütün kateqoriyadan olan veteranların iştirak etdiyini bildirib: “Veteranlarımız bunun üçün dəfələrlə təşkilatımıza müraciət edib. Bu gün təşkilatın ümumi yığıncağında veteranların müraciətlərinə baxdıq. Təkliflər müzakirə olunduqdan sonra Prezident İlham Əliyevə dəstəklə bağlı bəyanat qəbul olundu. Çünki veteranlarımız belə bəyanatın verilməsini istəyirdilər. Belə ki, veteranlarımızın hər biri ağsaqqaldır, böyükdür, yol göstərəndirlər. Bunlar həm keçmiş tariximizi, həm də bu günü yaxşı bilirlər.

Onlar Ali Baş Komandanla bu yolu davam etdirmək istəyirlər. Çıxışlarda da bu məsələləri səsləndirdilər. Ona görə tədbirin sonunda Bəyanat qəbul olundu”.