Siqaret və alkoqollu içkilərin qiyməti ARTACAQ

 17:24 29.12.2023     751

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsinə dəyişikliklə bağlı fərmanda öz əksini tapıb.

Qanuna əsasən, gələn il yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Bəs, aksiz dərəcəsinin artırılması qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, aksiz vergilərin dəyişməsi dolayı vergidir.

Onun sözlərinə görə, bu, qiymətin üzərinə gələn vergidir:

"Təbii ki, qiyməti artıran faktordur. Amma indi bu, üzərinə gələn vergidən asılıdır. Misal üçün elektron siqaretlərdə əlavə edilən aksiz vergiləri daha çox olub. Bir ədəd elektron siqaret üçün 2 manat olub. Amma digər siqaret və spirtli içki növlərində bunların son qiymətə təsiri cuzidir. Yəni 5-10 qəpikdən söhbət gedir. Bu da təbii ki, qiymətləri artıran vergidir. Sahibkarlar da bunu qiymətlərin üzərinə qoyacaq. Amma indi dediyim kimi də təsirləri fərqli olacaq. Daha çox elektron siqaretlərdə biz bu artımı müşahidə edəcəyik. Digərlərində cuzi dəyişikliklər olacaq", - deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ