"Deputat da, sadə vətəndaş da bazarda ucuzlaşmanı istəyir" - Millət vəkilləri bahalaşmadan danışdı

 16:56 30.12.2023     896

Bildiyimiz kimi, hər il işbazlar bayramqabağı süni qiymət artımı edirlər. Bir məhsulun qiyməti bəzən 3-4 dəfə artırılır. Sabah da ölkəmizdə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü keçiriləcək. Bu səbəbdən məhsulların qiymətində artımlar müşahidə olunur.

Maraqlıdır, deputatlar da bayram bazarlığı zamanı bu artımı müşahidə ediblərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, həmişə bayramqabağı artımlar olur:

"Bu, süni qiymət artımıdır. Çünki hər il bayramdan sonra qiymətlər enməyə başlayır. İnsanlar bayram üçün məcburdurlar ki, nəsə alsınlar, ona görə də süni qiymət artımına üstünlük verirlər. Düzdür, bununla bağlı Antiinhisar Dövlət Xidməti bazarlarda monitorinq keçirir. Xüsusilə bayram üçün lazım olan ərzaqlarda qiymət artımı müşahidə olunur".

Deputat Azər Badamov da söylədi ki, bahalşma heç kimə sərf etmir, heç kimi sevindirmir:

"Deputat da, sadə vətəndaş da bazarda ucuzlaşmanı istəyir. Deputat da ölkənin adi bir vətəndaşıdır, o da alıcıdır, heç kim istəməz ki, bazarda bahalıq olsun. Təəssüf ki, bayramqabağı bahalaşma var. Bayramlar başa çatandan sonra yəqin ki, enmə olacaq".

Milli vəkili Fəzail Ağamalı isə sualımızı cavablandırmaqdan yayındı və bildirdi ki, bu sualı Milli Məclisin sosial-siyasət komitəsinin üzvlərinə yönləndirək.

Humay İSGƏNDƏRLİ