150 nəfərin arağı litrlə, yoxsa tonla sifariş edilib?

 17:50 06.01.2024     437

Dövlət Turizm Agentliyi 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarişlərinin cədvəli ilə əlaqədar daha bir açıqlama yayıb.

Redaktor.az-ın məlumatına görə, bildirilib ki, məlumatlar daxil olunarkən mexaniki səhv nəticəsində bazar qiyməti sorğusunda iştirak edən iştirakçılardan birinin qiymət təklifi hissəsində yazılmış məlumatlar portalda iş həcmləri kimi göstərilib, nəticə etibarilə həcmlərin yerləşdirilməsi üçün nəzərdə tutulan sütuna səhvən qiymətlər daxil edilib: “Eyni zamanda rəqəmlər bazar qiyməti cədvəlindən köçürülərkən rəqəmlərdə vergül qoyulan hissələr portal tərəfindən vergüllə deyil, tam olaraq oxunub (məsələn, 1-ci sətirdə - "un"un qarşısında qeyd olunan 2,00 ifadəsi 200 kimi əks olunmuşdur)”. 

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimatı” adlı tədbir keçirəcəyi ilə bağlı məlumat verib. 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarişlərinin cədvəli sosial şəbəkələrdə müzakirə yaradıb. 

İzləyicilərin cədvəldə birmənalı qarşılamadığı əsas detal tədbirdə qonaqlara təqdim olunacaq arağın miqdarıdır. Belə ki, açıq tender məlumatlarındakı sözügedən cədvəldə ərik arağının miqdarı 3.000 litr göstərilib.

1000 litr 1 tona bərabər olduğundan, 3000 litrin 3 ton etdiyi, bu qədər arağın isə 150 qonağın istifadəsi üçün mümkünsüz olduğu qeyd edilib.