"Hamımız danışırıq ki, ay camaat, bu pis şeydir, bunu etməyin, amma edirlər axı" - Psixiatr

 17:35 07.01.2024     373

Milli Məclisin ötən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib ki, narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotikə başlayır.

Deputat bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası hamını reabilitasiya mərkəzinə yönəldə bilməz: "Narkoaludəçiyə mütləq psixoloji dəstək lazımdır. Narkoloji dispanserlərə gedənlərin 70 %-i orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Büdcədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Bu istiqamətdə bütün imkanları səfərbər etməliyik ki, narkomaniyanın qarşısını alaq. Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən də ölkəmizə narkotikin daxil olması danılmaz faktdır. Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”.

Məsələ ilə bağlı Redaktor.az-a danışan psixiatr-narkoloq, tibb elmləri namizədi Fəzail Sadıqov bildirdi ki, narkotiklər qısa müddətdə asılılıq verir.

Onun sözlərinə görə, elə narkotiklər də var ki, 5-10 günə asılılıq formalaşır:

"Bu məsələnin çıxış yolu deyil ki, hə, bunlar dispanserdə yatıb çıxandan sonra 70 faizi yenidən qayıdır. Təsəvvür edək ki, qayıdır. İndi biz cəmiyyət olaraq neyləməliyik? Bu şeyləri demək asandır. Koronavirus dünyaya gəldi, çıxdı getdi. Getmədi, gəldi nə qədər canlar aldı. Rəsmi 7-8 milyon insan deyirlər. Azərbaycanın özündə 10 minə qədər insan rəhmətə getdi. Yəni bir şey varsa, ona qarşı mübarizə aparılmalıdır. Ümumiyyətlə, bu xəstələr harada yatmalıdır? Mən çox istərdim ki, deputatlar bu şeyləri deyəndə, hardasa bir rəqəm götürüb deməsinlər. Fikirlərini əsaslandırsınlar. Bizdə narkoloji dispanser yoxdur. Onlar hamısı mərkəz sayılır. Təbii ki, xəstəxanalara gedir, orada müalicə olunur, yaxşılaşır çıxırlar. Onu qəbul edənlər də var, etməyənlər də var. Amma ümumi bir şey var ki, bəli, insanlar onu qəbul etməyə meyillidir. Bir ay dayanır, iki ay dayanır, beş ay dayanır, bir il dayanır, beş il də dayana bilər. O pulu da artırmağın heç bir əhəmiyyəti olmayacaq. O mübarizə komissiyası nə iş görür? Həbsxanalara gedir, müəssisəyə gedir, bildi-bilmədi söhbət aparırlar. Nə iş görürlər ki? Onlar sadəcə əmək haqqı alırlar. Lap hamımız danışırıq ki, ay camaat, bu pis şeydir, bunu etməyin. Edirlər axı".

Həkim onu da qeyd etdi ki, narkotikdən istifadə edənlər getdikcə artır:

"Siqaretin üstünə yazırlar ki, nəinki öldürür, məhv edir. Amma satılır və qəbul olunur. Bu, bir az mürəkkəb məsələdir. Təbii ki, pul ayrılmalıdır. Təsəvvür edin, cəmiyyətdə nə qədər siqaret çəkən adamlar görürsünüz. Bütün mağazalarda bir gün əmr verildi ki, mağazalarda siqaretlər yığışdırılsın. Siqaret çəkənlər nə edəcək? Başqa bir yol tapacaq. Xaricdən gedənlərə xahiş edəcək ki, siqaret gətirsin. Qiymət qalxacaq. Ordan-burdan tapacaq və yaxud kimsə tütün əkəcək, ondan düzəldəcək qəzetin içərisinə, kağıza büküb çəkəcək. Məqsəd nədir? Bu gündən sonra onun yeni-yeni aludəçiləri olmasın. Onsuz da o xəstələr ki var, onlar cəmiyyətin bir hissəsidir. Guya özləri bilmir ki, pis şeydir. Sadəcə bunun genişlənməsinin qarşısı alınmalıdır".

Həmidə İBRAHİMLİ