Bakıda gedəcəyiniz yerə piyada getməyə üstünlük verin - Ekspertdən TƏKLİF
"Metro xəttinin çəkilməsi Bakının Baş planı ilə əlaqədardır. Artıq Baş plan təsdiqləndi. İndi onunla bağlı icrası başlandı. Bütün proseslər hamısı 2040-a qədər nəzərdə tutulub ki, yekunlaşsın. Yəni demək olmaz ki, bu, 2040-da tikiləcək. Bu, bu il də tikilə bilər. Gələn il də tikilə bilər. Bu proseslərə artıq start verildi. Maksimum icra müddəti 2040-cı ildir. Bunu belə başa düşmək lazımdır. Metro stansiyalarının qeyd olunan ərazilərə çəkilməyi, həmçinin stansiya sayının artırılması, Abşeron dairəvi yolunun tamamlanması hamısı nəzərdə tutulub".
Bu sözləri Redaktor.az-a açıqlmasında nəqliyyat eksperti Yasin Mustafayev Bakının Qaraçuxur qəsəbəsinə və Xırdalan şəhərinə metro xəttinin çəkilməsini, eyni zamanda metro stansiyalarının sayının artırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, təbii ki, bu, intensivliyə, sıxlığa müəyyən qədər təsir edəcək:
"Amma bununla bərabər, eyni zamanda mən qeyd edərdim ki, velosiped zolaqları çəkilərdi. Piyadaların hərəkəti ilə bağlı danışmaq lazımdır. Çünki əsas sıxlığın, tıxacın aradan qalxmasına o təsir göstərəcək. Biz nə qədər yollarımızı genişləndirsək də, zolaqların sayını artırsaq da, o qədər effektiv olmayacaq. Yəni bir müddət effekti olacaq. Amma hər keçən gün çox sayda avtomobil ölkəyə idxal olunur. Köhnə avtomobillərin sayı azalmır ki, əksinə, durmadan artır. Ona görə biz piyadalara velosipeddə, ictimai nəqliyyata üstünlük vermədikdə bu problemlər artacaq, azalmayacaq. Maarifləndirmə işlərini aparmaq, gedəcəyi yerə mümkün qədər piyada, ictimai nəqliyyatla getməyi tövsiyə etmək lazımdır. Eyni zamanda metro stansiyalarını artırmaq planı gedişata öz müsbət təsirini göstərəcək. Amma ən əsası ictimai nəqliyyat və velosiped zolaqları bizi nəqliyyat sistemində irəliyə aparacaq, yoxsa fərdi nəqliyyat vasitələrinə üstünlük versək, avtobus zolaqlarının sayını artırsaq, bizə o qədər fayda verməyəcək".
Həmidə İBRAHİMLİ