"Meşə massivləri qırılıb, heyvanların çoxunun kökü kəsilib" - Deputat
"Bilirsiniz ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasını dəstəkləyib və öhdəlikləri də mərhələli şəkildə yerinə yetirib. Orada dayanıqlı inkişafla bağlı bir çox məsələlər var. Onlardan biri də iqlim dəyişikliklərinin yaxşı mənada qarşısı alınması və ətraf mühitin qorunmasıdır ki, bütün bu hesabatlar hər il Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə yerinə yetirilib. Bütün bunlarla yanaşı, Azərbaycan neft ölkəsidir, qaz ixrac edən bir dövlətdir. Ancaq buna baxmayaraq, Azərbaycan gələcəyə baxır. Azərbaycan yaşıl enerji istehsal edən və ixrac edən bir dövlətə çevirilmək istəyir. Bununla bağlı bilirsiz ki, çoxlu anlaşmalar var və Azərbaycana sərmayə qoyulub. Artıq günəş, külək və su enerjisinin istifadəsi həyata keçirilir və xüsusilə də COP29-un Azərbaycanda keçirilməsi arzuolunan və çox yüksək səviyyəli bir nəticədir. Çünki bilirsiniz ki, hər dövlətdə belə bir mötəbər tədbirin keçirilməsi baş tutmur. Bu, Azərbaycana olan inamdır. Azərbaycan Prezidentinin bu günə qədər yeritdiyi uğurlu siyasətin nəticəsidir".
Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında danışarkən deyib.
Onun fikrincə, Azərbaycanda məhz 2024-cü ilin ətraf mühitin qorunması ilə bağlı yaşıl dünya üçün həmrəylik mesajının verilməsi, çox düzgün bir yanaşmadır:
"Xüsusilə də son illərdə Azərbaycanda məhz ətraf mühitin qorunması ilə bağlı çox böyük işlər görülübdür. Yaşıllıq massivləri salınıb və bütün bunlarla yanaşı xüsusi qoruqlar elan olundu. Flora və faunanın qorunması, kökü, nəsili, kəsilən heyvanların və kökü kəsilən bitkilərin qorunub saxlanması və onların artırılması ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən çoxlu işlər həyata keçirilib. Heydər Əliyev Fondu və digər bizim qeyri-hökumət təşkilatları tərəfindən bir sıra yerli və xarici layihələr həyata keçirilib. Ancaq bütün bunlar bilirsiniz ki, kifayət etmir, hər birimiz bu məsələdə həmrəylik nümayiş etdirməliyik və xüsusilə də iqlim dəyişiklikləri ilə əlaqədar yalnız bir ölkənin və yaxud hansısa bir regionun tədbirləri həyata keçirməsi bəs etmir. Dünya həmrəy olmalıdır. Bilirsiz ki, hal-hazırda insanların sayının artması, çoxlu fabrik və zavodların havaya zəhərli qazlar buraxması və daha sonra insanlar tərəfindən su və digər resursların qənaətlə istifadə edilməməsi nəticə etibarilə yaxın gələcəkdə bir çox problemlərin ortaya çıxacağını söyləyir. Həmçinin isinmələr, buzların əriməsi və ümumilikdə bir çox problemlər var ki, biz bunların qarşısını birlikdə ala bilərik".
Deputat onu da qeyd etdi ki, Azərbaycan Prezidenti tərəfindən verilmiş bu sərəncamla 2024-cü ildə Azərbaycanın bütün vətəndaşlarının üzərinə düşən bir məsuliyyət var.
"Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etmişik. Azərbaycan dövləti tərəfindən orada təxirəsalınmaz işlər görülür, yenidənqurma və bərpa işləri aparılır. Yaşıl ərazi olaraq oranı elan etmişik. Ancaq unutmayaq ki, işğal dövründə ermənilər yalnız bizim ərazilərimizi işğalda saxlamadı, eyni zamanda həmin ərazilərin təbiətinə qarşı da vandal siyasət həyata keçirdi. Meşə zonaları, meşə massivləri qırılıb, heyvanların çoxunun demək olar ki, kökü kəsilib və yaxud sayı azalıb. Yəni bu baxımdan da biz bütün bu ərazilərdə əvvəlki vəziyyətə qayıtmağımız üçün hələ çox işlər görməliyik. Mən düşünürəm ki, COP29 Azərbaycanda uğurla həyata keçiriləcəkdir. Bütün dünya dövlətləri Azərbaycanda bir araya gələrək, gələcəkdə baş verə biləcək problemlərin, ətraf-mühitin qorunması ilə bağlı, təxirəsalınmaz işlərin həyata keçirilməsi ilə bağlı bir çox səyləri həyata keçirə biləcəklər. Bir çox razılıqlar əldə olunacaqdır. Bu baxımdan mən düşünürəm ki, 2024-cü il bizlər üçün, region dövlətləri üçün və ümumilikdə dünya əhalisi üçün çox önəmli və həlledici bir ildir. 2030-cu il yaxınlaşır. 2030-cu ilə qədər bütün dövlətlərin götürdüyü öhdəlikləri var. Xüsusilə də ətraf mühitin qorunması ilə bağlı, iqlim dəyişiklikləri ilə bağlı bir çox layihələrin həyata keçirilməsi tələb olunur. Yaşıl enerji həyata keçirilməlidir. Ancaq çox təəssüf olsun bəzi dövlətlər var ki, bu öhdəlikləri yerinə yetirməkdən ya çəkinirlər, ya öhdəsindən gələ bilmirlər və yaxud bacarmırlar. Xüsusilə də müharibələr və münaqişələr fonunda çoxlu problemlər ortaya çıxır. Odlu silahların kütləvi istifadə edilməsi ətraf mühitə çox böyük ziyan vurur. Yəni bu və ya digər problemlər var ki, bunları biz, dünya dövlətləri və dünya əhalisi olaraq birlikdə həll etməliyik və Azərbaycan da bu prosesdə ön cərgədə gedən dövlətlərdən biridir. Mən inanıram ki, 2024-cü ildə də biz bu günə qədər ətraf mühitin qorunması ilə bağlı həyata keçirdiyimiz işləri davam etdirəcəyik. 2024-cü ildə yaşıl dünya üçün həmrəylik nümunəsi dünyaya təqdim edə biləcəyik", - deyə N.Həmzəyev bildirdi.
Həmidə İBRAHİMLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.