Çingiz Hüseynovla vidalaşma

 14:33 09.01.2024     344

Uzaqda olsa da, əslində yaxında idi.

İstənilən anda tanış nömrəni yığıb danışa bilirdik, hər gün sözü-söhbəti dilimdə idi.

O da, Şirməmməd Hüseynov da 95-ə çata bilmədilər. Amma bu yaşlarında da hər ikisi bəhrə verməkdəydilər, faydalı idilər, ədəbi-mədəni düşüncənin axarında idilər.

Elə dünən Çingiz müəllimdən dostlara bir xatirə söyləyirdim. Şirməmməd müəllimin danışdığı əhvalatı.

Çingiz müəllimin toyi Moskva Dövlət Universitetinin kafesində olmuşdu. Şirməmməd müəllim söyləyirdi ki, toyun sabahı səhər tezdən mən və bir neçə nəfər tələbə, aspirant dost gəldik ki, gecədən qalan boş butılkaları götürək, aparıb təhvil verək yaxınlıqdakı mağazaya, günorta yeməyimizin pulu çıxsın. Yaxınlaşdıq, tələbə yeməkxanasında dedilər ki, sizdən bir az əvvəl Çingiz xanımı ilə gəlmişdi, yığdılar apardılar butlıkaları.

Bütün ehtiyaclara, sıxıntılara rəğmən o günlər içində xoşbəxt imişlər. Bu söhbəti Çingiz müəllimə etmişdim, gülmüşdü, amma sonra da dalğınlaşmışdı, "o günlərin qayıtması üçün çox şeyi qurban vermək olardı" demişdi.

Heyhat gedən gedir, bir daha qayıtmır, qalan xatirələr olur!

Çingiz müəllim də nə acı ki, dünən - yanvarın 8-də getdi.

Çevruildi xatirəyə...

Bu mistikadır nədir, ya ürəklərin səsləşməsi?

Dünən gündüz Çingiz müəllimdən danışırdım - evdə də, işdə də.

Dünən axşam saat 7-8 radələrində işdə arxivimi araşdırırdım, Çingiz müəllimin köhnə avtoqraflı kitablarından biri çıxdı qarşıma.

Açdım, vərəqlədim, bəzi yerlərini oxudum.

Sanki vidalaşırmış mənimlə...

Rafael HÜSEYNOV