"Evimizin fundamenti tökülüb, divar qoyulmağa başlanıb" - Deputat Xocalıdan sevincli xəbər aldı

 16:00 09.01.2024     733

"Prezidentimiz həmişə belə şad xəbərlərlə, sevincli xəbərlərlə xalqımızı sevindirir. O cümlədən də yeni il qabağı müraciətində də sevinc payı bizə də düşdü".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin xalqa müraciətində "İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar" müjdəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu saat Xocalıda çox intensiv, sürətli işlər gedir.

"Bütün sahələrdə iş gedir, həm evlər tikilir, həm yollar çəkilir, suyu, qazı, işığı hər şeyi düzəlir. Cənab Prezidentimizin dediyi kimi, bu ilin birinci rübündə Xocalıya, Xankəndiyə və digər yerlərimizə, Malbəyliyə, Kərkicahana, Xocavəndə köç, qayıdış başlayacaqdır. Bax, elə mən hər gün danışıram. Orada, Xocalıda işləyən işçilər var. Onların biri ilə bu səhər də telefonla görüntülü danışmışam və evlər tikilir. Gedib bizim dədə-baba evimizin yanında durub, oradan görüntülü mənlə danışdı. Fundament tökülüb və divar qoyulmağa başlanıb. Birinci mərhələdə də köçürülənlərin təbii ki, siyahısında mənim də, ailə üzvlərimin də adı var. İnşallah köçəcəyik və doğma dədə-baba yurdumuzda o sönmüş ocaqlarımızı yandıracağıq. Buna görə də cənab Prezidentimizə bütün xocalılar adından təşəkkürümü, minnətdarlığımı bildirirəm", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ