Perinatal Mərkəzinin rəhbərliyini hansı cəza gözləyir? - AÇIQLAMA

 17:30 09.01.2024     697

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində yanğın olub. 

Məlumata görə, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Körpələrdən 6-sının isə vəziyyəti ağırdır.

Baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bəs, baş vermiş hadisəyə görə xəstəxana rəhbərliyini hansı cəza gözləyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Babək Həmidov bildirdi ki, ilkin növbədə xəsarət alanların xəsarətinin dərəcəsi müəyyən olunmalıdır.

Onun sözlərinə görə, insan tələfatı olduğu üçün aidiyyatı qurum kimi prokurorluq tərəfindən cinayət işi başlanılıb:

"Cinayət işi aidiyyəti üzrə yanğın təhlükəsizlik qaydalarını pozmaq nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla maddəsi ilə başlanıb. O cümlədən də səhlənkarlıq, iki və ya daha çox şəxsin ölümünə səbəb olmaq maddələri ilə cinayət işi başlanıb. Biri yanğın təhlükəsizliyi ilə bağlı olan Cinayət Məcəlləsinin 225.3-cü maddəsidir. Digəri isə 314.3-cü maddəsidir. Cari situasiyada həmin məsələlərlə bağlı cinayət işi başlanıb və təqsirkar şəxslərin, hansı ki, bu hadisənin baş verməsində səhlənkarlığa yol vermiş və yaxud da yanğın təhlükəsizliyi qaydalarını pozmuş, düzgün təşkil etməmiş şəxslərin dairəsi müəyyən olunur. Onların dairəsi müəyyən olunub, cinayət işinə cəlb olunacaq. Bu, bir nəfər də ola bilər, bir neçə nəfər də ola bilər. Yəni, nəticə etibarilə burada, məsələn, həmin ərazi üzrə yanğın təhlükəsizliyinə cavabdeh şəxs, o cümlədən əgər burada söhbət səhlənkarlığa yol vermiş tibb işçilərindən gedirsə, onlar cəlb oluna bilər".

Vəkil onu da qeyd etdi ki, işə təqsirləndirilən şəxs qismində kiminsə cəlb olunacağını indidən demək çətindir:

"Çünki cinayət işi bu gün başlanıb və istintaq dörd ay müddətindən artıq müddətə davam edəcək. Həmin müddətdə həmin şəxslərin dairəsi müəyyən olunub, məsuliyyətə cəlb olunacaq. Bu istintaq müddətində, sözsüz ki, dünyasını dəyişmiş həmin körpələrin valideynləri istintaqa dəvət olunur, onlardan da izahat alınır və şikayətinin olub-olmadığı orada soruşulur. Əgər həmin şəxslər şikayətçidirlərsə, onda işin, yəni həmin baş vermiş bu hadisənin təqsirli şəxsləri barəsində daha ağır cəza təyin edilə bilər. Əgər onlar işin gedişatında şikayətlərini geri götürsələr və yaxud da tərəflə barışsalar, - yəni barışsalar deyəndə burda söhbət hüquqi barışıqdan gedir, şəxsi barışıqdan söhbət getmir, hüquqi barışıq əldə edilsə, şikayətlərini geri götürsələr, onda həmin cəlb edilmiş təqsirləndirilən şəxslər daha az cəza ala bilər. Deməyim odur ki, onların şikayəti sadəcə cəzanın yüngülləşdirilməsi və yaxud da ki, ağırlaşdırılması hissəsində rol oynayır. Nəticə etibarı ilə dövlət həmin şəxsləri müəyyən edib məsuliyyətə cəlb edəcək".

Həmidə İBRAHİMLİ