Çingiz Hüseynovun arxayınlığı - Rafael Hüseyn yazır

 14:41 10.01.2024     349

Çox zaman "vaxtsız ölüm" ifadəsini ömrü cavan yaşda bitən insanlara aid edirlər. Amma milləti və yurdu üçün qiymətli olan insanların istənilən yaşda gedişi vaxtsızdır, erkəndir.

Böyük Azərbaycan yazıçısı Çüngiz Hüseynovu 95-inin lap astanasında itirdik.

Bu ilin aprelində növbəti doğum günündə ona hədiyyəm olacaqdı. Həmin günü isə onunla birgə qarşılayacağımıza şübhə etmirdim. Gümrah idi, zəkası həmişəki kimi aydın, qələmi əlində, kompüteri qarşısında, düşünürdü, maraqlı söhbətləri, dərin mühakimələriylə, uzaq tarixləri yaxın edən xatirələri ilə həmsöhbətini heyran qoyurdu və heç vəchlə ona o yaşı ki, sənədlərində yazılmışdı, vermək mümkün deyildi.

Uzun ömrü boyunca səliqəli Çingiz müəllimin zəngin arxivi yaranmışdı və ömrün son parçasında həmin arxivin taleyi onu çox narahat edirdi. Ən müxtəlif sənədlər, təltiflər, fotolar, məktublaşmalar, qeydlər, haşiyələrində yaddaşlar olan qəzet kəsikləri...

Onların hansısa fraqmentlərindən Çingiz müəllim ayrı-ayrı məqalələrində, kitablarında istifadə etmişdi, amma həmin xəzinədə hələ toxunulmamış qatlar da az deyildi.

Çingiz müəllim öz də hiss edirdi ki, bütün bunları araşdırmaq, sahmana salmaq və o sənədlər əsasında epoxaya daha diqqətlə nəzər salmaq və bunları yazılara çevirmək, bundan belə nə qədər yaşasa da, tək öz gücü hesabına başa gələsi iş deyil.

Özü İsraildə idisə də, arxivi Moskvadaydı.

Hər telefon danışığımızda mütləq sözümüz fırlanıb-dolanıb arxiv mövzusunun üstünə gəlirdi.

Razılaşmışdıq ki, Çingiz müəllimin arxivini Nizami Gəncəvi adına Ədəbiyyat muzeyinə qəbul edəcəyik, burada ona həsr edilmiş ayrıca guşə də yaradacağıq.

Əsas çətinliklərdən biri o qədər yükü Bakıya necə çatdırmaqdan ibarət idi. "O qədər yükü" deyəndə ki, çəkinin azlığı-çoxluğunun narahatlığı yox idi. Mən həmin arxiv barədə söz açıınca, Diaspora komitəsinin sədri dərhal vəd etmişdi ki, nə qədər xərci var ördəyəcəyik.

Kateqoriyalarına görə şəxsi arxivə aid materialların dövlət sərhədlərindən keşirilməsinin özünəməxsus şərtləri, qaydaları, məhdudiyyət və çətinlikləri var.

Moskva yaşayan jurnalis dostum Azər Cahangirov da bu niyyətin gerçəkləşməsi üçün ən çox can yandıranlardan idi.

Və ötən ilin noyabrında Azər arxivin böyük bir hissəinin cəmləndiyi qutulardan xeylisini Bakıya gətirdi.

Çüngiz müəllimə zəng vurmuşduq, çox sevinirdi ki, ən vacib arzularından biri həyata keçir, artıq arxivi Bakıya yetişir.

Bu gün - yanvarın 9-da səhər Azər Moskvadan mənə zəng vurmuşdu - dərd bölüşməyə, hər ikimizə çox əziz olan Çingiz müəllimin əbədi ayrılığı ilə bağlı ürək boşaltmağa.

Qayıtdı ki, bircə şeyə sevinirəm ki, Çingiz müəllim dünyadan arxivi sarıdan arxayın getdi, dekabrın 31-də Çingiz müəllimlə danışırdım, söylədi ki, o işi ki, siz mənimçün etdiniz, onu ən doğma adam ən əzizi üçün edərdi.

...Nə qədər ki, qardaşı Əlikram sağ idi, Çingiz müəllim Bakıya hər il gələrdi.

Bəzən 1 həftə, ya daha çox qalmaqla, hərdən də lap qısa iki-üç günlüyə.

Həmişin ilin eyni vaxtında gələrdi və gəlişinin də ümdə səbəbi iki qardaşın atalarının doğum günündə onun məzarını ziyarət etmələri idi.

Görkəmli tarzənimiz Əlikram Hüseynov vəfat edəndən sonra daha o məzar da yetim qaldı.

Bir yandan səhhət, həkimlərin uçağa minməyi məsləhət görməməsi ucbatından, o biri yandan da Əlikramın gedişi səbəbindən daha Çingiz müəllim bu tərəflərə səfər edə bilmədi.

Əlikram müəllimlə sağlığında yazdığım söhbətlərim əsasında veriliş hazırlamışdım, Çingiz müəllimə də göndərmişdim, dinləyib çox mütəəssir olmuşdu. Demişdi ki, qulaq asdıqca elə bilirdim yenə Bakıdayam, Əlikramla atamın ziyarətinə gedirik.

...Vaxtaşırı mən Bakıdan, Azər Moskvadan zəng vururduq, hər söhbətimiz saatlarla uzanırdı və bütün telefon söhbətlərimizi də yazırdım.

Axı Çingiz müəllimlə ünsiyyətin hər anı tarix idi!

Kimlərsə onu müxalif düşüncəli adam kimi qələmə verməyə can atır, müsahibələrində onu öz umduqları səmtə yönəltməyə çalışır, böyük yazıçını öz məqsədlərinə müvafiq təqdim etməkçün əlləşirdilər.

Çingiz Hüseynovsa müxalif yox, hər hadisəyə, şəxsiyyətlərə, gedişata özünəməxsus münasibəti olan insandı.

Çingiz Hüseynov millətini sonsuz məhəbbətlə sevir, müstəqil dövlətimizlə iftixar duyurdu. Çünki tarixin enişli-yoxuşlu yollarına bələd insan kimi istiqlalın bizimçün hansı ali dəyər

olduğunu o hər kəsdən daha artıq anlayırdı.

...5-6 il qabaq, Çingiz müəllimin 90 illiyi ərəfəsində ürəyimdən çox keçirdi ki, onun yubileyini Bakıda keçirək. Bu barədə dəyərli ziyalımız, Mir Cəlal yadigarı Hafiz Paşayevə söz açmışdım. O da "Çox gözəl olar! Mənim də adımdan Çingiz müəllimə deyin, nə lazımdırsa edərik, təki gəlməyə hazır olsun", - söyləmişdi.

Heyiflər ki, yenə səhhət, həkimlərin təyyarə yasağı bu arzumuzun baş tutmasına mane oldu.

Ancaq nə qədər gözəl ədəbiyyat bayarmı alınardı!

Çingiz müəllim də hələ həyatda olan xeyli köhnə qələm qardaşlarıyla görüşərdi...

...Aprelin 20-dək - Çingiz Hüseynovun 95 yaşının tamam olacağı günədək o kitabı hökmən buraxacağam - Çingiz müəllimin Nuizami muzeyinə qəbul etdiyimiz arxiv sənədlərindən ibarət toplunu.

Nə acı ki, o kitabın ilk nüsxəsini görərkən Çingiz müəlimin yaşayacağı sevincə şahid olmaq qismət deyilmiş!..

Rafael HÜSEYN,

Milli Məclisin deputatı