Bakı yol polisindən sürücülərə müraciət: "Bu, qayda pozuntusudur və inzibati məsuliyyət yaradır"

 16:06 10.01.2024     394

Bakının bəzi yollarında avtobusların rahat hərəkət etməsi üçün avtobus zolaqları çəkilsə də, buna bəzi sürücülər əməl etmir. Onlar minik avtomobilləri ilə həmin zolağa daxil olaraq avtobusların da hərəkətinə ciddi mane olur.

Bəs, həmin sürücələrə nəzarət olunurmu?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirlinin sözlərinə görə, paytaxtın bəzi küçə və prospektlərində ümumi istifadədə olan avtobusların hərəkəti üçün zolaq salınıb ki, onların rahat və təhlükəsiz hərəkəti təmin edilsin.

O qeyd etdi ki, bu istiqamətdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir:

"Lakin təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri həmin zolağa daxil olub hərəkət etməklə avtobusların hərəkətinə mane olurlar. Bu, qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır. Həmin zolağa daxil olub hərəkət edən sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə də nəzərdə tutulub. Odur ki, sürücülərdən bir daha xahiş edirik ki, bu zolaqlara daxil olaraq avtobusların hərəkətinə mane olmasınlar, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar".

Həmidə İBRAHİMLİ