"Əl dəyməmiş qızı 12 yaşda axtaran ailənin əxlaq anlayışı doğru ola bilməz" - Tanınmış psixoloq

 18:35 10.01.2024     931

Son dövürlər yaşı çox olan kişilərin qat-qat özündən balaca xanımlarla, hətta uşaqlarla nişanlanması, evlənməsi halları ilə rastlaşırıq.

Elə bir müddət öncə Sabirabad rayonunun Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişinin nişanlanması ciddi müzakirələrə səbəb oldu.

Bu psixologiyada olan kişiləri bu yoldan döndərmək üçün hansı addım atılmalıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış psixoloq Əfsanə Rüstəmova bildirdi ki, kişilərin bu addımını pedofiliya ilə əlaqələndirdi.

Onun sözlərinə görə, bunun elmdə bir adı var: pedofiliya.

Psixoloq qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatı yeniyetməlik yaş dövrünün başlanğıcının 9 yaşı olduğunu açıqlayıb:

"Bu bizə hansı məlumatı verir? Bu o deməkdir ki, yeniyetməlik yaş dövrü erkən başlayırsa, cinsi oyanıqlıq da erkən başlayacaq və bu özlüyündə əslində cinsi tələbat yaşının da daha erkən başlayacağını mənfi anlamda bizə müjdələyir. Əslində müəyyən dövr sonra yəqin ki, həm qanuni, həm də mental və əxlaqi olaraq bu işə bir düzənləmə gətiriləcək, yeniləmə gətiriləcək. Evlilik yaşı ilə bağlı, cinsi münasibəti yaşama yaşı ilə bağlı olaraq. Amma var olan və bizi yaxşı mənada qoruyan qanunlarımız hələ ki, buna icazə vermir. Həmin insanların hansı ki, hüquqi anlamda evliliyə yaşı düşmür. Evliliyə yaşı düşmək bizdə həm də cinsi əlaqəni yaşamağa icazə vermək yaşı kimi dəyərləndirilir. İstisna halları çıxmaq şərtilə. İstisna hallar da hamiləlik hallarıdır. Evliliyə icazə verilmədiyi, ya da cinsi birlikdəliyə icazə verilmədiyi üçün biz 18 və ya 16 yaşın altında azyaşlılarla olan münasibətləri cəmiyyət olaraq qəbul etmirik. Belə şəxslər bizim gözümüzdə bu yaş qrupunda olan qızlarla münasibət yaşayan və yetkin yaşı keçmiş şəxslər bizim gözümüzdə pedofil olaraq adlandırılır və canlandırılır.  Əlbəttə ki, ətrafımızda, bizim ailəmizdə və ailəmizin yaxın çevrəsində olan uşaqlara baxanda həmin yaş qrupunun, yəni 12 və üzəri yaş qrupunun doğrudan da ağıl balansının tam formalaşmadığını, özünüifadənin tam formalaşmadığını, istəklərini tam dilə gətirə bilməməyini, ehtiyaclarını dəqiq görə bilmədiyini müşahidə edə bilərik. Həqiqətdə bu bizə onu deməyə əsas verir ki, onlar hələ də uşaqdırlar. Uşaqların cinsi həyat yaşaması onlar üçün zərərlidir, həm də ona görə ki, bu onlar üçün həqiqətən ciddi bir psixoloji travma ola bilər. Günümüzdə hər şey travma adlandırılır, amma cinsi istismar birbaşa və istisnasız travma sayıla bilən mövzulardandır. Ona görə də hətta azyaşlılar nə qədər cəmiyyətin dili ilə desək, nə qədər "diribaş" olsalar da, nə qədər ətli-qanlı olsalar da, nə qədər "gözüaçıq" olsalar da, nə qədər çoxbilmiş olsalar da, nə qədər gözlərindən atəş çıxsa da, tam formalaşmayıblar. Hətta onların dediyini biz doğru saysaq belə, bu münasibətlər yolverilməzdir. Amma onlarla münasibətə hə deyən insanların özlərinin də psixoloji problemləri olduğu qaçılmazdır. Çünki özünü yetkin bir fərd tərəfindən qəbul olunan görməyən insanlar azyaşlı və ağıl meyarı tam formalaşmamış uşaqların seçimi olmaq istəyirlər. Burada əlbəttə, bilirsiniz ki, heç bir həqiqi seçimdən söhbət gedə bilməz. Bu, belə olduğu təqdirdə biz əslində, bu cür nikahlara müsbət baxan ailələrin və nikaha girmək istəyən şəxslərin ailələrin aspektindən baxsaq, onların övladlarıyla heç bir yetkin qız evlənməz. Çünki yetkin qızlar və yetkin qızların ailələri baxanda onların övladlarında "qüsurları" çox rahat görəcək və qəbul etməyəcək. Amma azyaşlı qızları bir az daha əxlaq motivi altında, yəni “mən əl dəyməmiş qız axtarıram”, “mən üz görməmiş qız axtarıram”, “mən istəyirəm ki, mənim evimə gələn gəlinin adını heç kim çəkmiş olmasın”, “mesaj yazmış olmasın” və sair, bir az da maddi imkanları zəif ailələrdən qız seçirlərsə, onları 5-10 manatdan manipulyasiya etmək də çox asandır ki, “sizdən bir boğaz əksiləcək”, “sən artıq üç uşağa yox, iki uşağa yemək bişirəcəksən”, “bu qızın gələcəyi var”, “gələcəkdə insanlar onların adına söz çıxartmaqdansa, indi qız böyütmək çətindir, yaxşısı budur, mən aparım”, “mən gəlinim kimi yox, qızım kimi baxacam” və sair deyirlər. Əlbəttə ki, burada biz mövzunu belə yekunlaşdıra bilərik ki, nə övladını bu cür 5-10 manat qarşılığında satan valideynin əxlaq anlayışı doğru əxlaq anlayışı ola bilməz. Nə də ki, əl dəyməmiş qızı 12 yaşda axtaran ailənin və bunu həyat yoldaşı olaraq görən bəyin əxlaq anlayışı doğru anlayış ola bilməz".

Əfsanə Rüstəmovanın fikrincə, cəmiyyətdə bütünlüklə bəlkə də tək bir mövqedə birləşdiyimiz nadir mövzulardan biridir ki, istisnasız normalizə edilə bilməz:

"Hər bir halda yetişkinlik yaşına çatmamış, hüquqi olaraq yetkinlik yaşının tamamlandığı təsdiq olunmamış, sənəd alınmamış və Azərbaycan qanunvericiliyinin icazə vermədiyi yaş dönəmlərində nikaha məcbur etmək özü həqiqətən ciddi hüquq pozuntusudur. Mən çox xoşbəxtəm ki, hazırda hüququn verdiyi qərar kifayət qədər "caydırıcı" görünür və bu çox sevindirici haldır. Bizlər əslində sadəcə olaraq bir az mədəni səviyyəmizi, elmi səviyyəmizi, bir az mental sağlığımızı yaxşılaşdırsaq, burada heç bir pozitiv niyyət və pozitiv dəyər tapa bilməyəcəyik. Yetkinlik yaş dövrünə qədər uşaqların cinsi həzzi nə cür və necə yaşamaları vacibliyini onlara izah etmək və onlara bu yolda yol göstərmək üçün köməkçi olmaq lazımdır. Bunu nəyə əsasən deyirəm? Bunu ilk dediyim fikrə əsasən deyirəm ki, ÜST-ün yayımladığı məlumatda yeniyetməlik yaşı doqquz yaşdır. Yeniyetməlik əgər erkən başlayırsa, deməli cinsi oyanıqlıq erkən başlayır. Biz həmin nikaha qədərki dövrdə, ya da cinsi əlaqə yaşayacaq yaşa gəldiyi qədərki dövrdə də uşaqların cinsi həyatla necə tanış olmaları və baş etmələri vacibliyini öyrətməliyik ki, azyaşlı uşaqlar cinsi ehtiyacları yarananda onlar özlərinin həqiqətən “mən öz könüllü evlənmək istədim, çünki onun filan xüsusiyyətləri yaxşı idi” deyə bir açıqlama vermək zorunda qalmasınlar. Azyaşlı bir uşaqdan şəxsi fikrinin soruşulması mənim üçün doğrudan da həm valideyn, həm psixoloq olaraq doğrudan da çox xoşagəlməz bir vəziyyət idi. Çünki o yaş qrupunda olan uşaqların öz hisslərini və ifadələrini rasional ifadə etmə ehtimalları çox azdır. Təzyiq altında olan uşaqların fikirləri bu cür alınaraq cəmiyyətə işə salındıqda, digər 12 yaşlı və ya yetkinlik yaşına çatmamış uşaqlar da şəxsi fikirləri ola biləcəklərini, onları səsləndirə biləcəklərini düşünəcəklər deyə, bu, cəmiyyəti daha yanlış bir yerə apara bilər. Ona görə mənim üçün həmin dövrdə alınmış o müsahibə də, çox yersiz müsahibə kateqoriyasında idi", - deyə psixoloq əlavə etdi.

Həmidə İBRAHİMLİ