"AYNA hansı ixtiyarla vətəndaşı mobil cihazdan istifadə etməyə, kontur yükləməyə məcbur edir?" - AÇIQLAMA

 17:49 11.01.2024     1055

Son günlər parklama ilə bağlı narazılıqların ardı-arası kəsilmir. Problemlərdən biri isə parklama yerlərində ödənişlə bağlıdır. 

Elə jurnalist həmkarımız Taleh Şahsuvarlı da özünün feysbuk hesabında bu problemə toxunub. Onun postunu olduğu kimi təqdim edirik:

"Vətəndaş Məmmədov Məmməd Məmməd oğlu (ad şərtidir) Pirşağıda yaşayır. O təcili bir iş üçün öz maşını ilə Bakı şəhərinin mərkəzinə gəldi. İşi təxminən 3 saat çəkəcək. Parkinqə daxil oldu və bu zaman fərqinə vardı ki, mobil telefonunu evdə unudub. Ancaq onun parkinq xidmətinin haqqını ödəməmək kimi bir niyyəti yoxdur. Başqa çıxış yolu da yoxdur, maşını saxlayıb işinin dalınca getdi və axşam ona mesaj gəldi ki, parkinq qeydiyyatından keçmədiyi üçün 10 manat cərimə edilib. Suallar: 

1) Konstitusiyaya görə, Azərbaycan vətəndaşının mobil cihazdan istifadə etmək kimi bir vəzifəsi yoxdursa, AYNA hansı ixtiyarla vətəndaşın konstitutsion hüquq və azadlıqlarına müdaxilə edərək onu daim mobil cihazdan istifadə etməyə, mobil cihazı yanında daşımağa və kontur yükləməyə məcbur edir?

2)  Azərbaycan Respublikasında əsas ödəniş vasitəsi nə zamandan manat deyil, sms olub? Azərbaycanın milli valyutasını ödəniş vasitəsi kimi sıradan çıxarmaq ixtiyarını AYNA haradan alır?

3) Mobil telefonunu unutmuş vətəndaş dayanacaqdan son zərurət halında istifadə edib. Çünki sərbəst hərəkət etmək konstitusiyaya görə hüquq, parkinq xidmətindən istifadə etmək isə qaydadır. O, qaydanı qəsdən pozmayıb, öz konstitutsion hüququnu qoruyaraq maşını saxlayıb. Bu isə, İnzibati Xətalar Məcəlləsinin 19 maddəsinə əsasən halın inzibati xəta olmasını aradan qaldırır. AYNA digər ödəniş üsulu təqdim etmədən halın son zərurət, yoxsa inzibati xəta olmasını necə müəyyən edir? 

4) Mövcud qanunvericiliyə görə, parkinqlərdə ödəniş parkomatlar vasitəsi ilə edilməlidir. Buna əlavə olaraq digər üsullar da təklif oluna bilər. Qanuna görə, parkomat yoxdursa və ya işləmirsə, vətəndaş digər üsulların olub olmamasından asılı olmayaraq ödəniş etməli deyil. Çünki ölkədə əsas ödəniş vasitəsi manatdır. AYNA hazırda topladığı bütün ödəniş və cərimələrin qanunsuz olduğunun fərqindədirmi? Çünki Nazirlər Kabinetinin qərarları hüquqi normativ akt kimi qanuna zidd ola bilməz və olarsa qanun əsas götürülməlidir".

Məsələ ilə bağlı Redaktor.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovla əlaqə saxladı.

Qurum rəsmisi dedi ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir:

"Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Parklanmaya görə ödənişin edilməsi üçün vətəndaşlara iki müxtəlif üsul – mobil tətbiq və sms xidməti təqdim olunub. “Yol hərəkəti haqqında” qanuna əsasən, parklanmaya görə ödənişin həyata keçirilməsi üçün parkomatların olması mütləq deyil.   

Qeyd edək ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik".

Həmidə İBRAHİMLİ