Qarlı havada qiymətləri qaldıran taksi şirkətləri barədə tədbir görüləcək - AÇIQLAMA
Havaların soyuq və qarlı keçməsi Bakıda taksi qiymətlərinə də təsirsiz ötüşmədi. Belə ki, taksi xidmətlərində qiymətlər kəllə-çarxa qalxdı.
Bəs, niyə qarlı havalarda taksilərdə qiymətlər bu qədər qalxır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, bütün bazar iqtisadiyyatını tələb və təklif nizamlayır.
"Əgər təklif, sifariş çoxdursa və taksi bunu çatdıra bilmirsə, - müxtəlif səbəblərdən bu hava şəraiti ola bilər və ya digər ünsürlər ola bilər, - bu zaman artıq qiymətin artmasını bazar iqtisadiyyatı tənzimləyir. Amma əslində bu, belə olmamalıdır. Çünki bizdə o taksi fəaliyyəti ilə məşğul olan şirkətlər ki, var, onlarda sabit tariflər var. Onlar məsələn, kilometri və yaxud da vaxtı müəyyən edərək müştəriyə müəyyən qiymət təklif edirlər ki, bu istiqamətdə bu qiymətə gedəcək. Amma belə fürsət halları da baş alıb gedir. Bu məqamlarda bunlar sui-istifadə hallarıdır. Çünki birincisi hər maşın çıxa bilmir və risk eləmir. İkincisi, onun texniki vəziyyəti imkan vermir, ya təkərləri mövsümi təkərlər deyil, ya avtomobilin özünün qarlı havada istifadəsi mümkün deyil. Yəni belə olan halda kifayət qədər nəqliyyat vasitələrinin sayı azalır. Azalan zamanda istər-istəməz tələbat artır. Tələbat artdığı zamanda müştəri də məcburdur ki, o yolu gedə, ona verilən qiyməti ödəyə. Ona görə də belə-belə qiymətin süni artımı baş verir. Təbii ki, bu, yolverilməzdir, olmamalıdır. Yəni bu, müəyyən qurumlar tərəfindən yəqin ki, nəzərə alınacaq. Onlara verilən lisenziyalar, hansı ki, bu fəaliyyətlə məşğuldurlar yəqin ki, bunlar da bir daha gözdən keçiriləcək və yaxud da onlara bir xəbərdarlıq olunacaq", - deyə ekspert qeyd etdi.
Həmidə İBRAHİMLİ