Səkilərə, parklara sürüşkən döşəmə vurub insanları travmatoloqluq edənlər kimlərdir?

 14:24 16.01.2024     1010

Bakıda bir çox ərazidə marketlər, ofislər, şirkətlər və s. yerləşdiyi məkanlarda əvvəllər asfaltdan olan səkilərin örütüyü daha sonralar mərmər, sürüşkən tametlərlə düzülüb. Bu da yağıntılı havalarda, xüsusən qar yağanda insanların sürüşüb xəsarət almasına səbəb olur. Təkcə market, şirkət kimi ərazidə deyil, eyni zamanda parklarda, meydanlarda, yearltı piyada keçidlərindəki pilləkənlərdə də həmin vəziyyətdir. Həmçinin bir neçə ildir ki, yolların qırağına mərmər bordür daşları vurulur ki, onlar da yağışlı və qarlı havada ora ayaq qoyan insanların yıxılmasına gətirib çıxarır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda yolların kəsişməsində səkilərin asfalt örtüyünün yığışdırılaraq pandus adı ilə sürüşkən tamet plitələr qoyması da piyadaları belə havalarda çətinliyə salır. Maraqlıdır ki, BNA və digər dövlət qurumları bəzi yerlərdə sürüşkən tametləri yerə döşətdirdikdən sonra laqonda ilə üzərini yondursalar da, ustaların başdansovdu işləri nəticəsində tametlər tam olaraq yonulmur və təbii ki, bu da adamların sürüşməsinə gətirib çıxarır. Bakıda hətta elə səkilər var ki, ora sanki "hamam kafeli" döşənib. Orada nəinki yağışda-qarda, heç normal vaxtda da yerimək olmur.

Bəzi hallarda bunlar insan həyatının itirilməsi ilə də nəticələnir. Xatırladaq ki, ötən il Bakıya qar yağarkən paytaxt ərazilərindəki məktəblərdən birinin şagirdi 14 yaşlı Tuncay da məhz mərmər bordürün üstünə çıxarkən sürüşüb yıxılaraq ağır kəllə-beyin tramvası almış və bir neçə gün sonra vəfat etmişdi. Düzdür mərhumun babası Yaşar Zeynalov nəvəsinin ölümündə həkimlərdən şikayət etsə də, əslində məktəblinin ağır xəsarət almasına məhz sürüşkən daş səbəb olmuşdu.

Qeyd edək ki, bu günlərdə paytaxta yağan qardan sonra Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. 

Həmçinin TƏBİB-in açıqlamasında qeyd olunub ki, qarlı hava şəraiti ilə əlaqədar 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzə müraciət edib.

Sosial şəbəkələrdə özləri və yaxınları qarda yıxılanların yazdıqları postlardan da görünür ki, onlar məhz səkilərdəki və parklardakı sürüşkən döşəmələr səbəbindən xəsarət alıblar.

Bəs, niyə təhlükəli olduğu halda bu cür materiallardan istifadə edilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan memar Cahid Həsənov bildirdi ki, şəhər və rayonlarımızın ərazisində doğrudan da tez-tez üzləşdiyimiz açıq məkanda, yaxud səkilərdə belə sürüşkən döşəmə materiallarından istifadə olunmasıdır.

"Xüsusi mülkiyyət sahibləri ki, var onlar yolun səki hissəsində abadlıq edirlər, döşəməni dəyişirlər, ansambl yaradırlar. Bu gözəldir. Lakin sürüşkən materialdan istifadə olunması halları təhlükə yaradır. Həm təbiət baxımından, yəni təkcə söhbət qarın yağmasından, yolun buz bağlamasından getmir. Bakı küləkli şəhərdir, küləkli havada, adi yağış havasında, nəmdən belə, hətta bir stəkan su da dağılanda o, sürüşmə verir, ciddi xələllər gətirir və ümumiyyətlə insan o piyada yollarında yeriyə bilmir. Çox vaxt məcbur qalır, piyada yolunu tərk edir və düşür asfaltın qırağı ilə gedir ki, asfaltda yerimək asandır. Təsəvvür edirsiniz, nə dərəcədirsə, təhlükə ilə gedir. Söhbət təkcə səkidən getmir, meydanlardan getmir, söhbət parklardan gedir. Mən özüm də memaram. Layihələr vermişəm".

C.Həsənov onu da qeyd etdi ki, bununla bağlı Memarlıq və Arxitektura Komitəsi tərəfindən qaydalar hazırlanmalıdır.

"Qaydalar da var. Tikililər nə olmalıdır? Əhali sıxlığı nə qədər olmalıdır? Tikinti tikən mülkiyyətçinin, yaşayış binası tikən mülkiyyətçinin ərazisinin neçə faizi yaşıllıq zolağı olmalıdır? Onun parklanma yeri olmalıdır. Bunlar var. Amma elə incə nüanslar var ki, bu qaydalarla, qanunlarla hələ tənzimlənməyib. Yəni xüsusi materialın sürüşkənlik dərəcəsinin neçə faizi qədər olub-olmaması qaydaları ki, o anda bunu döşəmə səthinə, insanların gediş-gəliş yoluna vurmağa icazə verilir. Həyətyanı sahəsində kim nə istəyir vura bilər. Sürüşkən material vurub üstünə xalça sərəcək, o onun şəxsi işidir. Amma şəhər ərazisində, piyadaların getdiyi-gəldiyi ərazilərdə, meydanların girişlərində, meydanların ərazilərində sürüşkənlik dərəcəsi təyin olunmalıdır. Təyin olunmaqla da qaydalar, qanun qəbul edilməlidir. Bu qaydalar təsdiq olunmalı və bütün yerli idarəetmə orqanlarına göndərilməlidir. Əslində incə bir şeydir. Belə baxanda buna nə qayda, nə qanuna ehtiyac var ki? Çoxları buna mərmərdir deyir. Bahalı daş istəyir ki, bunun ərazisi, obyektinin qarşısı və yaxud da hər hansı bir meydan gözəl görünsün. Amma payız və qış mövsümündə o əraziyə heç kim gəlmir, o parkda heç kim gəzə bilmir. Memarlarımız, ekspertlər tərəfindən qaydalar təyin olunur ki, bəli, bu materialdan, bu daşdan istifadə edəndə bu qədər sürüşkənlik edir və rəngindən, formasından asılı olmayaraq bunu işlətmək olmaz. Və yaxud qranitin, bahalı daşların tərkibində sürüşkənliyin olub-olmaması istehsalçıdan asılıdır. O sürüşkənliyin olub olmamasının faiz dərəcəsi təyin olunmalı, qanunla qaydalar təsdiq olunmalı və tapşırıqlar verilməlidir ki, bundan qəti istifadə etmək olmaz".

Bəs, bu cür hallarda yıxılıb xəsarət alanlar cavbdeh şəxsi məhkəməyə verib təzminat ala bilərmi?

Sualımızı cavablandıran hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, bu barədə xüsusi bir norma yoxdur:

“Yox, bu, xüsusi belə bir norma ilə tənzimlənmir. Deyək ki, məsələn, şəhərin Nizami küçəsi, Xaqani küçəsi, "Tarqovu" dediyimiz ərazidə yerə xüsusi metlaqlar döşənib, ya elə pilləkənlər var ki, mərmər və qranitlə üzlənir. Və o da yağışlı, xüsusən buzlu havada sürüşkən olur. Yaşlı adamlar cavan, qoca, fərq etməz bir az ehtiyatsız davranan şəxs yıxıla, xəsarət ala, əzilə, travma ala bilər. Yəni bu, əslində iqlimlə bağlı olan məsələdir. Əgər deyək ki, sulu qar, qar yağırsa, temperaturun aşağı düşməsi nəticəsində yağıntı donursa və sürüşkənlik yaranırsa, piyada keçidlərində səkilərdə sürüşmə artıq qaçılmazdır. Burada hər hansı bir şəxsin təqsirli olmasını iddia etmək bir az əsaslı görünmür. Çünki ümumi bir iqlim, obyektiv şəraitdir. Əsasən insanlar belə olan halda ehtiyatlı olmalıdırlar, diqqətli olmalıdırlar. Yaxud küləkli havada, hansısa bir ağac aşa bilər. Hansısa sağlam ağacdır, yəni çürüməyib, qocalmayıb tam sağlam bir ağac, küləyin təsirindən ola bilər ki, aşsın və insanlara xəsarət yetirsin. Yəni bu halda xüsusi şəkildə kimisə günahlandırmaq mənə elə gəlir ki, düzgün olmazdı". 

Hüquqşünas onu da bildirdi ki, əgər o örtüklərin təyinatı yerə, döşəmələrə, səkilərə vurulması üçün nəzərdə tutulubsa, təyinatı bu məqsədlədirsə, orda bir xüsusi pozuntu və təqsir yoxdur:

“Bu halda inşaat normalarından, abadlıq normalarından kənara çıxmaq yoxdur. Yox, əgər o, təyinatı üzrə nəzərdə tutulan piltələr, döşəmə daşları, keçidlərə, yollara vurulan daşlar deyilsə, onların təyinatı başqadırsa, o halda daşın yerə vurulmasını sifariş verən sahibkar, əgər hüquqi şəxs mağazadırsa, vitrin mağazalarıdırsa, onda onların sahibi məsuliyyət daşıya bilər. Amma əgər yenə deyirəm, bu pozuntu varsa. Yox, sadəcə olaraq, elə yer üçün, döşəmə üçün nəzərdə tutulubsa, müxtəlif üzlüklər, daşlar, plitələr, yaxud da metlax dediyimiz üzlük daşlar vurulubsa, təyinatı düzgün istifadə olunubsa, o halda məsuliyyət yaranmır. Sadəcə obyektiv şəraitdir, sürüşkənlik olur. Bu dünyanın hər yerində olur, hər bir ölkədə ola bilər. Bir də xüsusi halda rezin yapışdırıcılardan istifadə olunur. Xüsusilə pilləkənlərdə olur. Sürüşmənin və yıxılmaların, xəsarət almaların qarşısını alır. Ondan istifadə olunması məsləhət olur. Ancaq onunla bağlı xüsusi bir deyim ki, normativ bir tələb yoxdur, yəni bundan istifadəsi mütləq nəzərə alınır, ona nəzarət olur, xeyr. Sadəcə insanlar ehtiyatlı olmalıdır. Və bu məsələlərdə xüsusi şəkildə təlimat kimi ola bilər ki, səkilərə, yollara duz səpilməlidir. Bu hər dəfə var. Bakı şəhərində bu məsələ qaldırılır. Qış aylarında yağıntının miqdarı, xüsusilə də qar yağması nəticəsində sürüşkənliyi olan yollara duz, qum səpilir ki, sürüşkənliyi azalsın. Bu, səkilərə də aid edilir. Belə olan halda, əlbəttə, hər bir mağaza sahibi öz ərazisinə düşən hissəni təmizləsə, yaxud duzdan, qumdan istifadə edib sürüşkənliyi aradan qaldırmaq üçün tədbir görsə, yaxşı olar. Bu, tövsiyə olunan məsələdir. Amma o barədə xüsusi bir norma yoxdur”.

Həmidə İBRAHİMLİ

222222222