Türk dövlətlərinin jurnalistləri İstanbulda səfərdədirlər - SƏBƏB
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan bir qrup jurnalist yanvarın 17-dən bu ölkədə səfərdədirlər.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, professional turizm rəhbəri Berkan Taşan Redaktor.az-a açıqlamasında bildirdi ki, bu səfərin məqsədi xaricdən media nümayəndələrinin Türkiyəyə dəvət edilərək ölkə haqqında daha geniş məlumat verməkdir.
"Bu məlumatlar həm mədəniyyət, həm tarixlə bağlı olduğu qədər, eyni zamanda turizmin fərqli çeşidlərində olduğu kimi moda, alış-veriş, sağlıq turizmi üçün gələn qonaqlar adına da ölkəmiz üçün müxtəlif sahələri ehtiva edir. Türkiyənin hər bölgəsində fərqli alternativlər mövcuddur. Bəzi şəhərlər alış-veriş üçün uyğundur, bəzi şəhərlər mətbəxi ilə, qastranomiya ilə önə çıxmaqdadır, bəzi şəhərlərimiz mədəniyyəti və tarixi ilə diqqəti cəlb etdiyi üçün Mədəniyyət və Turizm nazirliyimiz də buna görə səfərlər təşkil edib xarici media nümayəndələrini ölkəmizə dəvət etməkdədir", - deyə o söylədi.
Berkan Taşan qeyd etdi ki, səfərin ikinci günü jurnalistlər İstanbulun tarixi və mədəniyyət yerlərini ziyarət edəcəklər. Onun sözlərinə görə, jurnalistlər Tarixi Yarımadaya, Ayasofya Məscidinə, Bizans dövründən qalmış köhnə su quyularına baş çəkəcəklər:
"Həm Bizansdan qalan əsərləri, həm Osmanlıdan günümüzə qədər gələn dini binaların, sarayların bütün memarlıq xüsusiyyətlərini birlikdə görəcəyik".
Qeyd edək ki, sözügedən səfərdə Azərbaycanı Redaktor.az saytının və "Space" Televiziyasının əməkdaşları təmsil edir. Səfər yanvarın 20-də başa çatacaqdır.
Aqil ASLAN