"AZAL-ın indiki rəhbərliyi insanların gözləntilərini nəzərə almalıdır" - Deputat

 14:44 23.01.2024     350

Hər zaman olduğu kimi, AZAL-ın bilet qiymətləri indi də gündəmdədir. Çoxları Cahangir Əsgərovun gedişindən sonra qiymətlərdə dəyişiklik olacağını düşünsə də, lakin qiymətlər yenə də yüksəkdir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan deputat Ceyhun Məmmədov bildirdi ki, bu məsələ hər zaman aktual olub:

"Azərbaycan cəmiyyətində çox geniş bir formada davamlı olaraq müzakirə olunub və cəmiyyətin belə bir gözləntiləri də var. Mən düşünürəm ki, rəhbərlik yeni fəaliyyətə başlayıb. İndi AZAL daxilində müəyyən islahatlar həyata keçirilir, tədbirlər görülür və eyni zamanda davamlı olaraq aksiyalar da keçirilir. Yəni endirimlərlə bağlı, ayrı-ayrı ölkələrə ucuz biletlərlə bağlı bu aksiyaların da şahidi oluruq. O mənada əgər qiymət artımı varsa, düşünürəm ki, bunu yaxşı olar açıqlama versinlər. İnsanlarımıza da dəqiq məlumat versinlər ki, bunun səbəbi nədir. Çünki ola bilər bizim bilmədiyimiz başqa səbəblər də var. Yəni bu ölkələr arasında əlaqələr, daşınma və digər məsələlərlə bağlı. Amma bütün hallarda bu məsələyə aydınlıq gətirilsə yaxşı olar".

Deputat hesab edir ki, AZAL-ın indiki rəhbərliyi də insanların bu gözləntilərini mümkün qədər nəzərə almalıdır.

"Çünki əslində, insanlarımızın bu dəyişikliklərdən çox böyük gözləntisi var və biz istərdik ki, bu məsələ elə bir formada tənzimlənsin ki, cəmiyyətdə olan bu narahatlıq artıq aradan qalxsın. Yəni, bu gün bu kimi məsələlər artıq müzakirə olunmasın, bu məsələ tamamilə həllini tapsın. Ona görə də bu mənada dəqiq məlumatların təqdim edilməsi məqsədəuyğundur. Ümid edirəm ki, yəqin bununla bağlı açıqlamalar veriləcək və eyni zamanda imkanlarımızın olan bu gözləntiləri də tez bir zamanda özünü doğruldacaq", - deyə C.Məmmədov bildirdi.

Həmidə İBRAHİMLİ