"Rəqabət Məcəlləsi süni qiymət artımının qarşısını müəyyən qədər almalıdır" - Vahid Əhmədov

 09:13 25.01.2024     385

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Maraqlıdır, bu qanunla ölkədə inhisarçılıq azalacaqmı? Rəqabət Məcəlləsi azad sahibkarlığın inkişafına necə təsir göstərəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bu Məcəllənin qəbul edilməsində Milli Məclisdə çox böyük işlər görülüb.

Onun sözlərinə görə, bununla bağlı parlamentdə çox ciddi müzakirələr gedib:

"Uzun müddət idi ki, mən və mənim həmkarım Əli Məsimli Milli Məclisində çalışırdıq ki, Rəqabət Məcəlləsi qəbul olunsun. Ciddi müzakirələr aparılırdı. Hətta nazirlər səviyyəsində də gəlirdilər, məlumat verirdilər və s. Müəyyən fikir mübadiləsi oldu, müəyyən məsələlərdə düzəlişlər etdik, müəyyən məsələdə razılığa gəldik. Amma məqsədimiz əsas ondan ibarət idi ki, bu Məcəllə qəbul olunsun. Fakt odur ki, Məcəllə qəbul olundu və cənab Prezident onu imzaladı".

Vahid Əhmədov qeyd etdi ki, indi əsas məsələ Məcəllənin qəbul edilməsindən sonra onun icraat mexanizminin həyata keçirilməsidir.

"Çünki orada Məcəllə qəbul olunandan sonra, fəaliyyətə başlayandan sonra xüsusi komissiya işləyəcək. Komissiyanın fəaliyyətindən çox şey asılıdır, bazarda azad rəqabəti təmin etməlidir. Ona görə də biz belə qərara gəlmişik ki, Məcəllə işləsin, altı aydan sonra biz yenidən baxaq. Məcəllənin, ümumiyyətlə, mənfi, müsbət cəhətləri nədən ibarətdir. Azərbaycanda daxili bazarda haqsız rəqabət aradan qalxacaqmı? Monopoliya, inhisarçılıq hadisələri müəyyən qədər azalacaqmı? Mən demirəm, birdən-birə 6 aya düzələn bir məsələdir. Dövlətlərdə bununla illərlə mübarizə aparıblar, illərlə iş görüblər, amma yavaş-yavaş təsirini göstərməlidir. O cümlədən qiymət siyasətinə. Süni qiymət artımının qarşısı müəyyən qədər alınmalıdır. Ona görə də biz gözləməliyik. Bu Məcəllədən bizim gözləntimiz kifayət qədər çoxdur.  Amma yenə də deyirəm, icra mexanizmini gözləməliyik ki, necə həyata keçiriləcək. Ondan sonra yəqin ki, bu məcəllənin icrasıyla bağlı məsələyə qayıdacağıq", - deyə deputat bildirdi.

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc olunub.

2