"Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

 17:46 26.01.2024     357

Xəbər verdiyimiz kimi, Xaçmazda fındığın satış qiymətində artım müşahidə olunur. Ötən ilin oktyabr-dekabr ayları ilə müqayisədə məhsulun qiymətində 10-15 faiz artım var.

Bir ay əvvəl fındığın bir kiloqramı 4,5 manata satılırdı. Hazırda isə qiymət 5 – 5,3 manat arasında dəyişir. Daha keyfiyyətli, ləpə çıxımı yüksək olan məhsul baha alınır.

Maraqlıdır, niyə hər il Novruz bayramı qabağı qiymətlər qalxır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda bazarın xarakteri, iqtisadiyyatın xarakteri bundan ibarətdir ki, hansı məhsullarda dövriyyə çoxalırsa, orada qiyməti artırmağa başlayırlar.

O qeyd etdi ki, indi artıq qış aylarıdır və çərəzə tələbat artır:

"Alıcılar daha çox çərəz almaq istəyir. Novruz bayramı ərəfəsində daha da çoxalacaq. Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq. Fındığı fermerlər istehsal eləsə də, onun satışı, dövriyyəsi, tədarükü hamısı monopoliyadadır. Ona görə də monopolist də, inhisarçı da həmişə rəqibi olmadığına görə yalnız dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə aşağı düşəndə qiymətlər sabitləşir, hətta bəzən ucuzlaşır, nə vaxt ki, dövriyyə artıb, onda qiymətlər bahalaşmağa başlayıb. Yəni bu inhisarçı bazar sahibkarının psixoloji xarakteridir. Məsələn, rəqabətli bazarda sahibkar həmişə öz rəqibini nəzarətdə saxlayır ki, rəqibə uduzmasın. Bəzən onun texnologiyalarından bu da istifadə edir. O qiyməti aşağı salır, bu da aşağı salır ki, rəqabətdə uduzmasın. Alıcılar bu satıcıdan, o biri satıcıya keçməsin. Rəqabət mühitində bu proseslər tamam başqa formada gedir. Sahibkar fürsət axtarır ki, qiyməti endirsin, keyfiyyəti qaldırsın ki, rəqibi qarşısında üstünlük qazansın. Amma inhisarçı iqtisadiyyatda bu yoxdur. Rəqib olmadığına görə, sahibkar yalnız dövriyyəyə nəzarət edir".

Həmidə İBRAHİMLİ