"Bizim hamımızın adı türkdür" - Ziyatdin Kassanov Bakıda təqdimat keçirdi

 17:42 30.01.2024     755

Bakıda Beynəlxalq Muğam Mərkəzində Dünya Ahıska Türkləri Birliyi (DATÜB) tərəfindən çap olunan "Heydər Əliyev" kitabının təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Rasim Balayev, deputat Tahir Kərimli, professor Qəzənfər Paşayev, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanov ümumilli lider Heydər Əliyevin dövlət adamı kimi fəaliyyətindən, elmə, təhsilə, mədəniyyətə verdiyi dəyər və töhfələrdən bəhs etdilər.

Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev isə Heydər Əliyevin o zamankı Dövlət Təhülskəsizliyi Komitəsində fəaliyyəti zamanı Azərbaycanın milli şair və yazıçılarını, ziyalılarını həbs olunmaq təhlükəsindən necə qoruması barədə danışdı.

DATÜB-ün prezidenti, qazaxıstanlı iş adamı Ziyatdin Kassanov bildirdi ki, 1944-cü ildə Ahıska türklərini dünyadan yox etmək istəsələr də, hal-hazırda onlar alın təri ilə 9 ölkədə başı dik yaşamağa davam edirlər. O xatırlatdı ki, Ahıska türkləri iki dəfə sürgünə məruz qalıblar:

"Bir dəfə 1944-cü ildə Gürcüstandan sürgün edildik, ikinci dəfə 1989-cu ildə Özbəkistandan sürgün edildik. Özbək qardaşlarımız 1944-cü ildə bizi bağrına bassalar da, amma sovet rejiminin oyunu ilə iki qardaş milləti bir-birinə qarşı qoydular. Doğrudan da inanılmaz pis hadisələr oldu. O zaman Ahıska türklərinə qapılarını, ürəyini açan Azərbaycan türkləri oldu. Bilirsiniz ki, 1989-cu ildə Ermənistan ərazisindəki türklər də zorla öz yurdlarından qovuldular və Azərbaycan onlara qucaq açdı. Bir təfədən də 100 min Ahıska türkü Özbəkistandan Rusiyaya və oradan Azərbaycana gəldi. Azərbaycan heç zaman seçmədi ki, bu Ermənistandan gələn Azərbaycan türküdür, bu Özbəkistandan gələn Ahıska türküdür". 

Ziyatdin Kassanov daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycandakı Ahıska türklərinə olan dəstəyindən danışdı:

"O zaman Heydər Əliyev Ahıska türklərinin gələcəyi parlaq olması üçün gənclərimizi oxutdu. Heydər Əliyev ahıskalı gənclərin universitetlərə imtahansız qəbulu ilə bağlı göstəriş verdi. Bu, ahıskalılara verilən ən böyük dəstəkdir. Bu gün 9 ölkədə yaşayan ahıskalılar arasında ən çox müəllim, alim, professor, mədəniyyət adamları Azərbaycandadır. 1989-cu ildə çətin zamanlarda bizə qucaq açdığı üçün və onların yetişdirlməsinə görə 9 ölkədə yaşayan Ahıska türkləri adından Azərbaycana minnətdarlığımızı bildiririk. Allah Azərbaycan millətini qorusun, onun başında duran qəhrəman komandanımız, liderimiz, cənab prezident İlham Əliyevi qorusun. Biz ahıskalılar Azərbaycan xalqı ilə qürur duyuruq. Bizim hamımızın adı türkdür. Biz gerçəkdən türk övladlarıyıq və bu ada layiq olmağa çalışırıq".

DATÜB rəhbəri Qazaxıstanda nəşr olunan "Heydər Əliyev" kitabı barədə də danışdı:

"Biz istəyirik ki, 20-ci əsrin ən böyük dövlət adamını bütün dünya tanısın. Onu içdən tanısınlar, onun işini tanısınlar, onun nə qədər böyük dövlət adamı olduğunu, böyük prezident olduğunu, nə qədər böyük insan olduğunu, Azərbaycan dövlətinə nə qədər fayda verməsini öyrənsinlər və digər ölkələr də, digər insanlar da onun həyatından örnək alıb onun yolu ilə getsinlər. Qazaxıstan Azərbaycanla qardaş ölkədir, qazax qardaşlarımız hamısı Heydər Əliyevin adını tanıyır, amma fəaliyyətini də tanısınlar deyə Qazaxıstanda bu kitabı çap edib orada təqdim etdik. O zaman təqdimat mərasimində yanımızda türk millətinin böyük qızı, rəhmətlik Qənirə Paşayeva da var idi. Qənirə xanım dedi ki, bu kitabı Azərbaycanda da təqdim edək. Dedi ki, "mən istəyirəm ki, Azərbaycanda bilsinlər ki, Qazaxıstanda yaşayan Ahıska türkləri nə qədər Azərbaycanı və Heydər Əliyevi sevirlər". Ona görə biz o zaman qərar verdik ki, sentyabrda Bakıda bu təqdimatı keçirək. Amma mən Azərbaycana gəlmək istəyərkən Qənirə bacımız xəstəxanaya düşdü, vəfat etdi. Biz Qənirə xanımın vəfatından gerçəkdən çox üzüldük. Amma biz türklərdə bir söz var: Bir türk ölsə, min türk doğular. Qənirə bacımız canını bütün türk dünyasına fəda etdi. Mən istəyirəm ki, Azərbaycanda, Ahıska türklərində, bütün türk dünyasında belə bacılarımız çox olsun". 

Z.Kassanov bildirdi ki, İkinci Qarabağ savaşında Azərbaycan torpaqlarının eməni işğalından azad olunması və daha sonra Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalanması Ahıska türkləri üçün də qürurvericidir:

"Qalib gələn Azərbaycan ordusu oldu, Azərbaycan millətinin birliyi oldu, cənab prezident İlham Əliyevin dəmir yumruğu oldu. Allaha çox şükür edirik ki, Allah bizə bu günləri yaşatdı. İndi ulu öndərimiz yerində rahatdır. Çünki özü yetişdirdiyi övladı onun yolunu layiqi ilə davam etdirir. Allah hər bir ataya belə övlad nəsib eləsin. Alah Azrərbaycanımızı və onun başında duran cənab prezident İlham Əliyevi qorusun".

Turan ASLAN

222222222