Nə hava çirklənir, nə yanacağa pul verirsən, nə də ictimai nəqliyyata
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.
Eyni zamanda, bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Elə bu mövzudan çıxış edərək Bakıda mərkəzi yollarda yeni çəkilmiş velosiped xəttlərindən danışmaq olar. Buna səbəb isə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eyni zamanda avtomobillərdən istifadəni minimuma azaltmaq kimi izah etmək olar.
Maraqlıdır, velosiped yollarının çəkilməsi ekologiyanın qorunmasında hansı müsbət töhvələri verə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Rövşən Abbasov bildirdi ki, Bakı şəhərində əsas çirklənmə mənbəyi avtomobillərdir.
Onun sözlərinə görə, avtomobillər atmosferə həm istixana qazları, həm də çirkləndiricilər atır:
"Digər tərəfdən velosipedlərdən istifadə artarsa həm tıxac problemi qismən həll olar, həm də ictimai sağlamlığa təsirlidir. Əsas hava çirklənməsinin qarşısının alınması və yaşıl sahələrin artırılması istiqamətində görülən işlərin sürətlənməsidir. Hava çirkliliyinin qarşısının alınması üçün həm də ölkəyə elektrik avtomobillərinin gətirilməsi üçün gömrük rüsumları ləğv edilib. Bu əlbəttə yaxın 10 ildə Bakı şəhərinin havasının keyfiyyətini artmasına öz töhfəsini verəcək. Eləcə də getdikcə artan yaşıllaşdırma işləri fonunda, ekoloji nəzarətin güclənməsi də belə bir ümidi yaradır. Hazırda Azərbaycan Paris razılaşmqlarına müvafiq olaraq 2030-cü ilə qədər öz ərazisində karbon emosiyalarını 35 faiz azaltmaq öhdəliyi götürüb. Bu o deməkdir ki, Bakı və digər iri şəhərlərdə yerləşən istehsal müəssisələrinin və ofislərin fəaliyyətində yenilənən enerjidən daha çox istifadə olunacaq və bu da havanın keyfiyyətini artıracaq".
Bəs, velosiped yollarında skuter istifadəçiləri də istifadə edə bilərmi?
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, bu zolaqlar yaradılarkən onun təyinatı kimi həm də skuterlərin hərəkətinə icazə verilməsi məsələsi öz əksini tapıb.
"Bu gün də bu məsələ aktualdır. Hesab edirəm ki, hər bir nəqliyyat vasitəsi üçün ayrıca bir struktur və yaxud da bir zolaq yaratmaq bu gün mümkün deyil. Ona görə ən optimal variant həmin velosiped zolaqlarında elə skuterlərin hərəkətini təşkil etməkdir. Amma onlar necə hərəkət etməlidir? Bu zolaqlarda son vaxtlar müşahidə edirəm ki, velosipedçilər, elə skuter sürənlər düzgün davranmırlar. Sürətli hərəkət edirlər. Zolaqlarda istiqamət göstərilsə də, bir də görürsünüz ki, biri əks istiqamətlə hərəkət edir. Yəni ən azından şüurlu insan olaraq bir yerdəki ox işarələrinə baxmır ki, bu istiqamət qarşıdan gələnlərin istiqamətidir, gedənlərin yox. Amma indi insandır da. Özünə sığışdırmır ki, o zolaqla hərəkət etsin. Belə xəstə təfəkkürlü insanlarımız çoxdur. İmkan düşən kimi qayda pozmağa meyil göstərirlər. Hər bir halda insanların ondan səmərəli istifadə etməsi üçün bu işlər görülüb. Orada şou göstərməyə ehtiyac yoxdur. Digər tərəfdən, artıq bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Agentliyi açıqlama verdi. Həmin zolaqlarda sürət məsələsi qoyulacaq. Yəni skuter sürənlər artıq istədikləri sürətlə, istədikləri formada hərəkət edə bilməzlər. Qanun çərçivəsində, qayda çərçivəsində və icazə verilən sürət rejimində hərəkət etməlidirlər. Bunun üçün nəzarət mexanizmi də təbii ki, olmalıdır. Yəni bax bu qayda deyək ki, müəyyənləşsə, nəzarət necə olacaq? Bu məsələ açıq qalır. Bu məsələlər öz həllini tapmalıdır. Hər bir halda insanlarımız özləri məcbur edirlər ki, sərt qaydalar, qanunlar tətbiq edilsin. Çünki normal sözlə deyirsiniz ki, belə etmək olmaz, görürsünüz ki, insanlar bunu ciddi qəbul eləmir, imkan düşən kimi qayda pozurlar. Yəni məcbur edirlər ki, kimsə əlində dəyənəklə durub zolağın başında bu insanlara nəzarət eləsin".
Ekspertin sözlərinə görə, velosiped zolaqlarının olması velosipedçilər üçün stimullaşdırıcı addımdır:
"Yol elə bir termindir ki, bu yol hər bir insan üçün əlçatan olmalıdır. Yəni hər bir hərəkət iştirakçısı üçün əlçatan olmalıdır. Biz deyə bilmərik ki, yol ancaq avtomobillər üçün olmalıdır. Biz deyə bilmərik ki, yol yalnız ictimai nəqliyyat üçün olmalıdır və yaxud da yalnız piyadalar üçün olmalıdır. Yox, bu anlayışlardan, bu fikirlərdən uzaq olmaq lazımdır. Yolda elə şərait yaratmaq lazımdır ki, bütün hərəkət iştirakçıları orada hərəkət edə bilsin. Yəni velosipedçilər də, moped sürənlər də, avtomobil sürücüləri də və ictimai nəqliyyat da. Dünyanın bir çox ölkələrində artıq ictimai nəqliyyata daha çox üstünlük verilir. Məsələn, velosipedə, skuterə daha çox üstünlük verilir, piyadalara da həmçinin. Ən axırda təsəvvür edin ki, avtomobil nəqliyyatı, şəxsi avtomobilləri düşünürlər. Bu cür yanaşma var. İndi burda əsas hədəf odur ki, velosipedçilərin sayını artıraq, onları stimullaşdıraq. Nəzərə almaq lazımdır ki, velosipedçi olmaq özü bir sağlamlıqdır. Velosipedçi yanacağa pul vermir, velosipedçi ehtiyat hissələrinə pul vermir, velosipedçi ictimai nəqliyyata pul xərcləmir, deməli o, sağlamdır, o qənaət edir. Ona görə bunları stimullaşdırmaq lazımdır. Amma təbii ki, avtomobil üçün imkan yaradılmalıdır. Çünki bu avtomobil həyatımıza daxil olub. Sadəcə olaraq sağlamlıq baxımından insanlar əgər ona çox maraq göstərirsə, onlar üçün mütləq şərait yaradılmalıdır. Ən başlıca ətraf mühitin qorunması üçün bu işlər görülməlidir".
Həmidə İBRAHİMLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.