Çəkdiyi video ilə gündəmə gələn yeniyetmə Psixiatriya Xəstəxanasına yerləşdirilməyibmiş... - AÇIQLAMA

 14:47 31.01.2024     1576

İki gün öncə Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn Əli-Afiyəddin Nihad oğlu Cəlilovun valideyni ilə birgə polis idarəsinə dəvət olunduğu və onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi barədə məlumat yaymışdı.

Lakin bu gün sosial şəbəkələrdə yayılan videolardan məlum olur ki, həmin şəxs hələ də xəstəxanaya yerləşdirilməyib. Sosial media istifadəçiləri iddia edir ki, bu video dünən günorta saatlarında çəkilib. Həmçinin yeniyetmənin “canlı” açdığı deyilir.

Redaktor.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladı.

Bildirildi ki, həmin şəxs Maştağadakı ruhi əsəb dispanserinə yerləşdiirlib.

Odur ki, məsələ ilə bağlı Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanası ilə əlaqə saxladıq.

Saytımıza bildirildi ki, həmin şəxs ümumiyyətlə, Respublika Psixiatriya Xəstəxanasına qəbul olunmayıb.

Qeyd edək ki, sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gələn yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir. Qafqazinfo-nun yaydığı məlumata görə, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir.

Həmidə İBRAHİMLİ