İrəvanda ac erməninin qarnının doyurdulması... - Musa Qasımlı yazır
Hər gün müxtəlif hadisələrlə rastlaşırıq. Onlardan birini sizinlə bölüşmək istəyirəm. Bir neçə gün əvvəl nahar fasiləsində bağda gəzirdim. İki hissəyə bölünərək bir-birindən aralı ayaqlar altına atılmış və qarğaların dimdiklədiyi çörək var idi. Uşaqlıqdan bizə öyrədiblər ki, çörək Qurandan əvvəl gəib, müqəddəsdir, bərəkətdir. Mənə yaxın olan çörəyin bir parçasını yerdən götürüb oturacağın üstünə qoydum. Bir az aralıda olan yerdəki çörəyin yanından bir oğlan keçirdi. Dedim, çörəyi ayaq altından götürüb oturacağın üstünə qoymaq Sizə zəhmət olmaz? Gəncin cavabından heyrətləndim. Bildirdi ki, qalıb da, nə olsun, qənd də bərəkətdir, ayaq altında olanda heç götürmürük. Belə söyləməsinə baxmayaraq, götürüb oturacağın üstünə qoydu. Təşəkkür etdim.
Qeyri-ixtiyari olaraq bir neçə hadisəni xatırladım. Birincisi, 90-cı illərin əvvəllərində doktorluq dissertasiya işimi müdafiə etdikdən sonra bir neçə tanınmış alimi – namizədlik dissertasiya işimdə elmi rəhbərim olmuş professor Ruhulla Orucovu, Universitetdə mənə dərs vermiş və hər iki dissertasiya işimin rəsmi opponenti olmuş professor Seyfəddin Qəndilovu, digər rəsmi opponentlərim - professorlar Həmid Əliyevi və Rafiq Rəcəbovu evə dəvət etdim. Çətin vaxtlar idi.
Yemək masası arxasında Həmid müəllim Əliyevin dediyi sözləri indiyədək unuda bilmirəm. Həmid müəllim böyük ziyalı, savadlı gənclərin dostu idi. Xətrimi çox istəyirdi, deyərdi ki, sənin elmin, biliyin və tərbiyən birdir, yaxşı gələcəyin var. Süfrəyə baxan Həmid müəllim dedi ki, İkinci Dünya müharibəsi illəri yadıma düşdü. İrəvanda evimizin həyətində tut ağacının altında oturub yemək yeyirdik. Yeməyi bitirmişdik, anam süfrəni yığışdırırdı. Bu zaman darvaza döyüldü. Bir erməni beli bükülmüş, ağzı sulanmış halda icazə alıb həyətə girdi. Anam süfrədə qalan qırım-qırtığı toyuqların qabağına tökürdü. Xoruz yekə tikəni nə qədər edirdisə uda bilmirdi. Erməni qaçıb xoruzun xirtdəyindən tutub çörək tikəsini çıxardıb ağzına qoyub yedi və dedi ki, acam. Erməni üçün yenidən süfrə açdıq. Ac erməni uzun donqa burnunu az qala kasanın içinə soxaraq acgözlüklə yeyirdi. Yeməkdən sonra çay da verdik. Minnətdarlıq etdi. Qarnı doyan erməni üzü bizə tərəf təzim edərək arxası darvazadan çıxdı.
İkincisi, 90-cı illərin əvvəllərində Bakıda insanlar çörək növbələrində dayanardılar. Kisələrədki un qurdla dolu olardı. Hətta kənd təsərrüftaı naziri Milli Məclisin qapalı iclasındakı çıxışında demişdi ki, biz çörəyin keyfiyyətinə fikir vermirik, çalışırıq təki mağazalarda çörək formasında bir şey görünsün. Bu vəziyyəti sənədlərin əsasında yazdığım iki cildlik “Azərbaycan parlamentarizmi tarixi” kitabında təsvir etmişəm. Gənclər bu günləri görməyiblər. Heç görmələrini də arzulamıram. Amma gerçək tariximizi xatırlatmaqdan ötrü vasitələr yoxdurmu? Məncə, ara-sıra xatırlatmaq faydalı olardı.
Üçüncüsü, 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlmişdi. Parlamentin sədr müavini Yaşar müəllim Əliyevlə (Allah rəhmət eləsin) birlikdə Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısına getmişdik. Səfirliyimizə baş çəkdik. Səfirimiz Ramiz Rizayev idi. Səfirimizin otağında oturub çay içirdik. Bu zaman Azərbaycan Respublikası Baş nazirinin müavinlərindən biri gəldi. Heydər Əliyev onu Moskvaya göndərmişdi. Qanı çox qara idi. Dedi ki, ölkədə iki həftəlik taxıl ehtiyatı qalıb, Kişi məni göndərib get məsələni həll et. O zaman nə qədər taxıl ehtiyatının olub-olmamasından xalqın heç xəbəri də olmadı. Mağazalarda çörək bol idi.
Dördüncüsü, 44 günlük Vətən müharibəsi zamanı millət çörək sarıdan heç bir korluq çəkmədi. Hər şey bol idi. Bəs indi çörəyi nə üçün küçələrə, zibilxanalara ataq?
Bu hadisələri yazmaqda məqsədim nədir? Birincisi, tariximizdə olan ağır günləri unutmayaq, amma həmin günlərlə yaşamadan ibrət dərsi alaq, çörəyin qədrini bilək, ayaqlar altına atmayaq. İkincisi, indiki Ermənistan adlanan ərazidə müxtəlif dövrlərdə gətirilərək yerləşdirilmiş ermənilərə tarixi torpaqlarında yaşayan azərbaycanlılar çörək veriblər, ağır günlərində aclarından ölməyə qoymayıblar. Ermənilər tarixi Azərbaycan torpağı olan Ermənistanda çörək üçün dilənəndə azərbaycanlılar onları aclıqdan xilas ediblər. Azərbaycan milləti çörəyi ayaqlar altına atan deyil, çörəklidir, çörək verəndir. Çörək Qurandan əvvəl gəlib, müqəddəsdir, bərəkətdir!
Musa QASIMLI,
deputat