"Bu hadisədən sonra Türkiyənin içərisində başqa bir Azərbaycan inşa edildi" - Zahid Oruc

 10:19 06.02.2024     481

"Ötən il Türkiyədə 6 fevral tarixində baş verən zəlzələ həqiqətən bütün dünyanı, o cümlədən azərbaycanlıları sarsıtdı. Biz bunu hər birimiz öz qanımızda, canımızda hiss etdik. Bir tərəfdən ona görə ki, bəşəriyyət öz tarixində belə amansız silkələnmələrə çox az sayda məruz qalır. Ona görə də statistika göstərdi ki, bir əsrdə bu xarakterdə - insanların çoxlu sayda həyatını məhv edən, dağıntılara yol açan, sonrakı dövr tez-tez təkrarlanan zəlzələlər az olub. Digər tərəfdən biz fərqindəyik ki, Türkiyənin regional və beynəlxalq gücü artdıqca onun həm təbii, həm qeyri-təbii vasitələrlə üzərinə gələn qüvvələr o qədər artıb ki bu cür silkələnmələr, insanların həyatının itirilməsi, daha çox humanitar, sosial fəlakətlərlə üz-üzə qalması sanki bir siyasətə çevrilibdir. Biz ona görə də, bu təbii hadisənin ətrafında texnogen sistemləri həyata keçirən insan amilləri də axtarmağa başladıq".

Bu barədə Redaktor.az-a Türkiyədə baş verən dəhşətli zəlzələnin birinci öldönümü ilə bağlı danışan millət vəkili Zahid Oruc bildirib.

"Lakin biz burada diqqət edəcəyimiz ən önəmli məsələ hərbi meydanda mənən, ruhən, bütün varlığıyla Azərbaycan xalqının yanında olan 85 milyonluq bir xalqın, millətin, onun iradəsini təmsil edən dövlətin həyatında belə bir ağır dönəm yarananda bütün millətimizin, dövlətimizin, onun rəhbərinin birinci anda kömək əlini uzatması, sanki onu bir hərbi meydan kimi qəbul edərək səngərə atılması oldu. Bütün dünya bunu gördü. Əslində qardaşlıq hadisələri, o verilən məşhur siyasi bəyanatlar belə dönəmlərdə üzə çıxır. Biz çox yaxşı xatırlayırıq ki, hətta ən kasıb insanımız belə qəlbindən, imkanından qopan sonuncu tikəni də türk qardaşlarıyla bölməyə çalışdı. Ümumiyyətlə, insanlar dövlətin çağırışını gözləmədən ora üz tutdular. Bu yardımlaşma kampaniyası həqiqətən də eyni zamanda dövlətimizin iradəsiylə ora göndərilən xilasedici qüvvələrlə müşayiət olundu və ən çox addımlar məhz bizim tərəfimizdən atıldı. Hesab edirik ki, nə  qədər belə ağır dönəmlərdə, faciələrdə özünü göstəribsə də, bu, qanla yazılan, qovuşan tarixin ən parlaq simvoludur. Ona görə də, bu bir döyüş səhnəsi oldu. Fərq etməz ki, orada silahlı düşmən kimdir: bu gerçək qüvvədir, yoxsa yerin altından gələn hansısa qüvvənin yaratdığı bu cür fəlakətdir", - deyə deputat qeyd edib.

Zahid Orucun fikrincə, dövlətimiz tərəfindən sonralar daha 100 milyon manat yardım, böyük bir şəhərin salınması Türkiyə içərisində Azərbaycanın boyudur, yeridir, obrazıdır, Azərbaycan elidir:

"Bu sadəcə bir vahid evdir, Türk-Azərbaycan dünyasının vahidliyinin inşasıdır. O yüzdən biz dediyiniz kimi, o səsə Azərbaycan səsinin qatılması və bir vahid səsə çevrilməsi onu sübut etdi ki, dünyanın hansı qitəsində olmağından asılı olmayaraq, Azərbaycan və Türkiyə vahiddir, birdir, bütövdür. Bu səbəbdən 6 fevral tarixində baş verən bu ağır hadisəni xatırlayarkən, həyatını itirən minlərlə insanın yaxınlarına, bütün türk dünyasına baş sağlığımızı ifadə edir, az qala bir illik dövrdə daim özünü göstərən fəlakətlərin dayanmasını, durmasını arzulayır, Allahdan təmənna edir və hər iki xalqın, dediyimiz kimi, vahid bir xalqın sülh, əmin-amanlıq, təhlükəsiz yaşam içərisində olmasını diləyirik. Çox ümidvarıq ki, bu yaraları sağaltmaq, ayağa qalxmaq, yenə də dünyaya türkün, azərbaycanlının qüdrətini, gücünü təqdim etmək mümkün olacaq".

T.İSMAYIL