"Hələ belə seçki görməmişdim" - Baş redaktor
"Hər dəfə prezident seçkisində və referendumda qeydiyyatda olduğum seçki məntəqəsindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi alıram ki, harada olmağımdan asılı olmayaraq səs verim. Bu dəfə də elə oldu".
Bunu Redaktor.az-a açıqlamasında saytımızın baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib.
O qeyd edib ki, səs vermək üçün Bakıda bir neçə məntəqəni gəzib:
"Səhər evdən çıxandan sonra bir neçə məntəqəyə girdim və uzun növbələri görüb gözləmədim ki, yolüstü bəlkə başqa məntəqədə adam az olar və növbə gözləmədən tez səs verib çıxaram. Hətta prezidentliyə namizəd Zahid Orucun səs verdiyi məntəqədə də oldum, orada da səs verməyim mümkün olmadı. Çünki növbədə durub gözləməliydim. Məntəqənin qarşısında bir seçici Xəzər TV-yə şikayətlənirdi ki, 1 saat 20 dəqiqə növbədə dayanmışam. Neçə nəfər uzun növbəni görüb geri qayıtdı ki, axşam gəlib səs verərik. Yəni seçkilərdə hələ belə uzun növbə, qələbəlik görməmişdim. Nəhayət iş yerimə yaxın məntəqələrdən birində seyrəklik görüb orada səsvermə hüququmdan istifadə etdim".
Aqil Aslanın sözlərinə görə, seçki məntəqələrində bu cür izdihamların yaşanması bir vətəndaş kimi onu məmnun edib:
"Zəfər qazanmış bir ölkənin vətəndaşlarına da elə bu yaraşırdı. Mənə elə gəlir ki, səsverməyə gələnlər də, kimə səs verməsindən asılı olmayaraq, zəfərimizə səs veriblər".
Humay İSGƏNDƏRLİ